Ağcabədidə tar və fortepiano ixtisasları üzrə ustad dərsləri - FOTO
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) "Mədəniyyət rüzgarı" layihəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzində tar və fortepiano ixtisasları üzrə ustad dərsləri keçirilib.
                        Ustad dərsləri dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin bu il dövlət səviyyəsində qeyd edilən 140 illik yubileyi münasibətilə təşkil olunur. Tar ixtisası üzrə ustad dərsi MEMİM-in sektor müdiri Əməkdar artist, tarzən Neymət Mürsəlov tərəfindən aparılıb. Əvvəlcə Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftəliyev ustad dərslərinin böyük musiqi xadimi Üzeyir Hacıbəylinin yubileyi münasibətilə təşkil olunmasının əhəmiyyətini vurğulayıb, təşkilatçılara təşəkkürünü bildirib. Tarzən Neymət Mürsəlov deyib ki, ustad dərslərinin məqsədi şagirdlərin müvafiq ixtisasa dair bilik və bacarıqlarının inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki baxımdan kömək göstərilməsidir. Sonra Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzi və Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbinin şagirdləri ifalarını təqdim ediblər.