Binəqədidəki yanğında 13 məcburi köçkün ailəsinə ziyan dəydi
Xəbər verdiyimiz kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 1 №-li yataqxanasının binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən meqale.com-a bildirilib ki, yanğın barədə məlumat daxil olduqdan sonra aidiyyəti struktur bölmələrin nümayəndələri hadisə yerinə yollanıblar.
Komitədən bildirilib ki, ilkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib.
"Yanğın nəticəsində xəsarət alan olmayıb. Yaşayış sahələri tamamilə yararsız hala düşmüş ailələrin müvəqqəti yerləşdirilməsi və onlara dəyən maddi ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Yararsız vəziyyətdəki yaşayış sahələrinin qısa zamanda təmir edilməsi nəzərdə tutulur", - deyə məlumatda vurğulanıb.