Bakıda satılan İran malları bahalaşdı - Yeni qiymətlər
Bazarda yerli məhsullarla yanaşı İran məhsullarının da öz müştəriləri var.
meqale.com xəbər verir ki, İranın ölkəmizə ixrac etdiyi məhsullara nəzər saldıqda statistik göstəricilər göstərir ki, əsas yeri ərzaq məhsulları tutur. Balıq məhsulları, süd məhsulları, kərə yağı, xurma və qurudulmuş meyvələr isə ixracda əsas məhsullar sırasındadır. Xurma isə Ramazan ayı ərəfəsində ən çox alınan İran məhsuludur.
Satıcıların sözlərinə görə, ən baha xurma Fələstindən gəlir, kilosu 30 manatdır:
"Ən ucuz xurma isə 5 manatdır. İran yağı əvvəl 14 manat idisə, indi 16 manatadır. Düyü, ərik qurusu və çərəzlərin qiymətində isə elə də fərq yoxdur".
Alıcılar isə məhsullarda hər hansı bahalaşmanın olduğunu düşünmürlər:
"Qiymətlər demək olar ki, eynidir. Hər hansı bir fərq görmürəm".
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, İrandakı proseslərə əsasən, məhsulların bahalaşması gözləniləndir. Məhsulların daşınma və tədarük prosesinin çətinləşməsi əlavə xərclər yaradır ki, bu da sonda qiymətlərdə əks olunur:
"İş adamları adətən mallarını 1-2 aylıq ehtiyatla saxlayırlar. Lakin hadisələrin gedişi Azərbaycana təsirsiz keçməyəcək. İran məhsullarının bazarda ucuz təklifləri azalarsa, onların qiymətləri yüksələ bilər. Bu vəziyyətdə bazar dominantlığı isə İran məhsullarının yerinə daha baha qiymətə digər ölkələrdən gətirilən alternativ məhsullara keçə bilər".