“Çox güclü rəqibimiz var” - “Napoli”nin oyunçusu “Qarabağ” haqda
İtaliya "Napoli" klubunun futbolçusu Alessandro Buoncorno sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan danışıb.
meqale.com xəbər verir ki, o, matçın əhəmiyyətindən danışıb:
"Çətin oyunun alınacağını bilirik. Hazır olacağıq. Noyabrın 25-də komandamızın əfsanəsi Dieqo Armando Maradonanın vəfatının 5 illiyi tamamlanacaq. Ona görə də bu matç bizim üçün daha böyük anlam kəsb edəcək. Qələbə qazanacağımıza ümidvarıq. Bu halda, qalibiyyəti ona həsr edəcəyik. Belə stadionda oynamaq bütün rəqiblər üçün çətindir.
Seriyamızı davam etdirməyə çalışacağıq. Rəqibimiz Çempionlar Liqasında bir neçə vacib oyun keçirib. Biz qarşılaşmaya mümkün qədər yaxşı yanaşacağıq. Çox güclü rəqibimiz var, ehtiyatlı olmalıyıq. Çoxlu fərdi mübarizə olacaq. Həm biz, həm də onlar təzyiq göstərəcək. Qələbə özümüzdən asılı olacaq".
Qeyd edək ki, Neapol şəhərindəki Dieqo Armando Maradona stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.