Filarmoniyada abonement konsertləri: musiqi ilə yazılan tarix və sənət yolçuluğu - FOTO
2022-ci ildən etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər davam etdirilir.
Abonement konsertlər 2023-cü ilin noyabr ayından hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilib. 6 dekabr tarixində abonement konsertləri çərçivəsində Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Camalə Abdinzadə və tələbələrinin hazırladığı "Səslərlə yazılmış tarix" adlı konsert keçirilib. Səhnədə çıxış edən ifaçılar - Nigar Əsgərova, Anisa Karmel Əsgərli, İqan Ümid Əsgərli, Cavharat Osmanova, Elvanə Əliyeva, Səkinə Mövsümova, Nəzrin Səfərəliyeva, Pərvin İbrahimova və qiraətçi Hüseynağa Aslanov - Azərbaycan və dünya musiqisindən ibarət geniş və rəngarəng proqram təqdim ediblər.
13 dekabrda Kamera və Orqan Musiqisi Zalında abonement konsertləri çərçivəsində təqdim olunan "Musiqi terapiyası: Səsin toxunuşu" adlı konsert baş tutdu.Klassik və müasir musiqi nümunələrinin bu incə sintezi konsert proqramına xüsusi ahəng və fəlsəfi dərinlik bəxş etdi.
Dekabrın 20-də "Gənc istedadların konserti" baş tutub. Proqramda dünya bəstəkarlarının əsərləri səslənib. Abonement konsertlərin sonuncusu Aydan Nuriyevanın solo musiqili-poeziya konserti olub.
Proqramda F.Chopin, J.Haydn, R.Schumann, Q.Qarayevin əsərləri səslənib. Qiraətçi Hüseynağa Aslanovun səsləndirdiyi şeirlər musiqi ilə vəhdət yaradaraq dinləyicilər üçün unudulmaz konsert proqran yaşadıb. Qeyd edək ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.