"Hövsan MİDA"da əlillər üçün olan parkinqlər zəbt olunub - ŞİKAYƏT - VİDEO
Hövsan əlillər üçün ayrılmış parkinq yerləri digər sakinlər tərəfindən zəbt olunur.
meqale.com-a Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "MİDA 1" yaşayış kompleksindən şikayət daxil olub.
Şikayətdə bildirilir ki, kompleksdə şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edilib. Burada yaşayan müharibə əlillərinin bir qismi şəxsi avtomobildən istifadə edir və onlar üçün xüsusi, tanınma nişanları ilə işarələnmiş parkinq yerləri ayrılıb.
Sakinlərin sözlərinə görə, bu yerlər çox vaxt digər sürücülər tərəfindən qanunsuz şəkildə zəbt olunur. Əlillər bu məsələ ilə bağlı etiraz etdikdə isə bəzən hədə-qorxu ilə üzləşirlər.
Qeyd olunub ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciətlər edilsə də, problemin həlli istiqamətində ciddi addımlar atılmayıb. Sakinlər bildirirlər ki, ərazidə özbaşınalıq davam edir.
Yerli icra hakimiyyəti haqqında əsasnaməyə əsasən, əlillərin nəqliyyat vasitələrini maneəsiz park etməsi üçün şərait yaradılması birbaşa vəzifə kimi göstərilib. Amma bina ərazisində bu tələblərə əməl olunmur.
Nəzərə çatdırılıb ki, hazırda binada 300-500 arasında əlil yaşayır. Onlardan 50-yə yaxını şəxsi avtomobildən istifadə etsə də, mövcud 50 parkinq yerindən istifadə demək olar ki, mümkünsüzdür.
Sakinlər aidiyyəti dövlət qurumlarından və xüsusilə də yerli icra hakimiyyətindən bu problemin ciddiyə alınmasını və qanunsuz parkinq hallarının qarşısının alınmasını xahiş edirlər.