Qurban Qurbanov: "Güclü komandaya qarşı oynayacağıq"

"Qarabağ" "Çelsi" ilə matçda mübariz oyun göstərmək istəyir.

Qurban Qurbanov:
"Qarabağ" "Çelsi" ilə matçda mübariz oyun göstərmək istəyir.

meqale.com-ın məlumatına görə, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında açıqlama verib.

53 yaşlı mütəxəssis Bakıda İngiltərənin "Çelsi" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan əvvəl fikirlərini bölüşüb:

"Bizi maraqlı oyun gözləyir. Güclü komandaya qarşı oynayacağıq. Böyük klubları, yaxşı futbolçuları Bakıda görmək azarkeşlər üçün stimuldur. Oyunçularıma inanıram".

Təcrübəli baş məşqçi rəqibin Bakıda açıq məşqə çıxmamasına toxunub:

"Bunun böyük klublara təsir edəcəyini düşünmürəm. Bu cür hallarla çox üzləşiblər. Oyun günü meydana çıxmaq onlara problem yaratmamalıdır. Bizdə də oxşar proqram olub. İngiltərə ilə saat fərqi var. "Çelsi" işinə ciddi yanaşan komandadır".

Q.Qurbanov rəqibin heyətindəki itkilərlə bağlı danışıb:

"Belə komandaların 1-2 futbolçusunu müzakirə etmək olmaz. Onlar qarşılarına böyük hədəflər qoyurlar və heyətləri çox genişdir. Sadəcə, oyun sistemlərinə uyğunlaşmalıyıq. Böyük komandalara qarşı qalibiyyət çox önəmlidir. Biz hazırda kiçik futbol ölkəsi kimi tanınırıq. İngiltərə klubları ilə qarşılaşmalarda qələbəmiz yoxdur. Heç-heçə də etməmişik. İngiltərə Premyer Liqasının səviyyəsi tam başqadır. Sadəcə, bu cür komandalara qarşı inamlı oynamalı və yaxşı mübarizə aparmalıyıq".

Mütəxəssis 2017-ci ildə də "Çelsi" ilə üz-üzə gəldiklərini xatırladıb:

"Futbol çox inkişaf edib. Həmin vaxt zəif cəhətlərimiz çox idi. İndi isə təcrübəmiz artıb. Buna baxmayaraq, rəqib daha çox inkişaf edib. Bu da bizim üçün təhlükədir. Bakıda klublararası dünya çempionuna qarşı oynamaq bizim üçün stimuldur. Fərq böyük olsa da, mübarizə aparmağa çalışacağıq".

O, matç üçün ilk "11-liy"i müəyyənləşdirdiyini söyləyib:

"Musa Qurbanlı üç gündür fərdi məşqlərə başlayıb. Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra sıraya dönə bilər. Daha əvvəl hücumçu axtarışında idik. İndi də bir neçə mövqe üçün oyunçulara baxırıq. Amma elə futbolçu gətirmək istəyirik ki, komandaya faydalı olsun. Beşli müdafiə olunmağı xoşlamıram. Həmişə bildirmişəm ki, qazandığımız nailiyyətlərin hamısını hazırkı sxemə, sistemə əsasən əldə etmişik".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.