Türkiyədə tikintidə işləyən 153 nəfər zəhərləndi, 4 nəfər saxlanıldı

Ankarada tikinti sahəsində iaşə şirkətinin verdiyi yeməklərdən sonra 153 işçi qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

meqale.com xəbər verir ki, hadisə ilə bağlı iaşə şirkətinin 4 əməkdaşı şübhəli qismində saxlanılıb.

Məlumata görə, işçilər ötən gecə şirkətin hazırladığı yeməyi yedikdən bir müddət sonra haldan düşüb və onlarda ürəkbulanma, qusma kimi simptomlar müşahidə olunub. Şikayətlərin artması səbəbilə Etimesgut, Sincan və Yenimahalle rayonlarından Təcili Yardıma müraciətlər daxil olub.

Hadisədən sonra zəhərlənən 153 nəfər Ankara üzrə müxtəlif xəstəxanalara aparılıb. Onlardan 8-i ilkin tibbi yardımdan sonra evə buraxılıb.

142 işçinin müalicəsi təcili yardım şöbələrində davam etdirilir, 4 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri nəzarət altında saxlanılır.

Hadisə yerinə cəlb edilən qrupların ilkin araşdırmasına əsasən, işçilərin iaşə şirkətinin təqdim etdiyi toyuq dönəri menyusundan istifadə etdiyi müəyyən edilib. Hazırkı nəticələr qida zəhərlənməsi ehtimalını gücləndirir.

Hadisə ilə bağlı istintaq davam edir.