Ukraynadan gətirilən ətlə bağlı iddialar artır - AQTA məsələyə aydınlıq gətirdi - YENİLƏNİB

17:22

Ukraynadan gətirilən ətlə bağlı iddialar artır - AQTA məsələyə aydınlıq gətirdi - YENİLƏNİB
17:22

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsul idxal edilməmişdən əvvəl ixracatçı ölkədəki epizootik vəziyyət təhlil edilərək nəzərə alınır.

Bu barədə meqale.com-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib:

"Ötən illərdə olduğu kimi cari ildə də xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları yüksək riskli məhsul qrupuna aid olduğu üçün ciddi şəkildə təhlükəsizlik və keyfiyyət tələbləri üzrə nəzarətdən keçirilir. AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür və laborator sınağa cəlb edilir. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə məhsulun dövriyyəyə buraxılmasına icazə verilir.

Yüksək riskli məhsulların daşınması, satışı və dövriyyəsi zamanı etiketləmə, saxlama şəraiti, temperatur rejimi və digər tələblərə ciddi riayət olunmalıdır. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini və idxal sağlamlıq aktını tələb edə bilərlər.

Qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə üzləşdikdə vətəndaşlar Agentliyin "1003 - Çağrı Mərkəzi"nə zəng vuraraq və ya "E-Qidam" mobil tətbiqi vasitəsilə məlumat verə bilərlər".

17:07

Ukraynadan idxal olunan dana əti satılır.

meqale.com-ın məlumatına görə, təklif olunan dana ətinin qiyməti 11-14 manat arasında dəyişir.

Bəzi vətəndaşlar bu ətlərin mənşəyinin qeyri-müəyyən olduğunu iddia edərək narahatlıqlarını ifadə ediblər. Onlar hesab edirlər ki, bu ətlərin halal olub-olmaması sual altındadır.

Ətin satışı ilə məşğul olanlar isə iddiaları təkzib edərək bildiriblər ki, bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yoxlamasından keçib və qanuni şəkildə satışa çıxarılıb. Onların sözlərinə görə, öz ailələri də həmin ət məhsullarından istifadə edir və təhlükəsizliyinə tam əmindirlər.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərilib.