Yeni il sehri Milli Auditoriyaya gəlir: “Şelkunçik” baleti səhnədə - FOTO
Yeni il ab-havası Meksikanın paytaxtında yerləşən Milli Auditoriyada yaşanacaq. 18-23 dekabr tarixlərində klassik balet sənətinin ən sevilən əsərlərindən biri olan "Şelkunçik" tamaşaçılara təqdim olunacaq. Bu balet artıq Mexiko şəhərində (CDMX) yeni il mövsümünün dəyişməz ənənəsinə çevrilib.
meqale.com xəbər verir ki, tamaşanın musiqi rəhbəri azərbaycanlı dirijor Əyyub Quliyev olacaq. O, dahi bəstəkar Qara Qarayevin adını daşıyan Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Konsert zamanı Əyyub Quliyev İncəsənət Teatrının Orkestri ilə birlikdə Pyotr İliç Çaykovskinin unudulmaz "Şelkunçik" musiqisini səsləndirəcək.
Təşkilatçıların bildirdiyinə görə, tamaşa fantaziya, rəqs və emosiyalarla zəngin olacaq və ailə üzvləri ilə birlikdə izləmək üçün ideal mədəni tədbir kimi dəyərləndirilir.