Avropa Azərbaycan Məktəbi World Scholars’ Cup 2024 yarışına ev sahibliyi etdi - FOTO
27-29 Yanvar tarixində World Scholar's Cup beynəlxalq olimpiadasının növbəti turniri Bakıda, Avropa Azərbaycan Məktəbində təşkil edildi.
World Scholar's Cup hər il 15.000 tələbənin iştirakı ilə dünyanın 65-dən çox ölkəsində keçirilən komanda akademik proqramıdır.
Bakıda çoxsaylı məktəblərdən 1000-ə yaxın şagirdin iştirak etdiyi olimpiadada müxtəlif yaş qruplarından olan məktəblilər fərqli sahələr üzrə biliklərini sınadılar.
İştirakçılar "Junior" və "Senior" qruplar olmaqla iki yaş kateqoriyası üzrə yarışırdılar.
Tədbir maraqlı səhnə performansları ilə seçilən açılış mərasimi ilə başladı. Ritmik musiqi və əyləncəli çıxış ilə açılış mərasiminə start verildi.
Ardınca iştirakçılar müxtəlif debatlarda öz fikir və düşüncələrini bölüşərək müzakirələr apardılar. Digər qrup isə "Collaborative Writing" çərçivəsində onlar üçün təyin edilmiş tapşırıqları yerinə yetirdilər.
Tədbirin ikinci günündə də şagirdlər debat və yazı fəaliyyətlərinə cəlb edilərək rəqibləri ilə yarışdılar.
Daha sonra təşkil olunan kollektiv yarışda müxtəlif mövzular üzrə suallar təqdim olundu. Suallara düz cavab verən şagirdlər medal qazanmaq yolunda bir addım da irəliləmiş oldular.
"Scholars' Show" müsabiqəsində yarışçılar komanda yoldaşları ilə birlikdə şənləndilər və olduqca əyləncəli vaxt keçirdilər.
Tədbirin yekununda iştirakçılar mükafatlandırma mərasimində müxtəlif nominasiyalar üzrə qızıl, gümüş medal, kubok və "Xüsusi Mükafat" ilə təltif olundular.
Avropa Azərbaycan Məktəbinin şagirdləri ümumilikdə 329 qızıl və 241 gümüş medal qazandılar.