Robertdən bizə qalan miras
Sənaye İnqilabının alovları dünyanı dəyişdirməyə başladığı 1800-cü illərin sonları modern iş həyatının təməlini qoydu. O dövrün ictimai islahatçıları və həmkarlar təşkilatları insan rifahı naminə vaxtın qızıl düsturunu yaratdılar: 8 saat iş, 8 saat istirahət, 8 saat şəxsi həyat. Bu, cəmiyyət üçün nizamnamə, hər bir vətəndaş üçün ədalətli ritm idi. Şəhərlər kiçik, fabriklər yaşayış məntəqələrinə yaxın idi, yol xərcləri (həm zaman, həm də enerji baxımından) minimal sayılırdı. Henri Fordun 1914-cü ildə bu sistemi (əslində Robert Owenin ilkin ideyası idi) sənaye miqyasında tətbiqi ilə məhsuldarlığın artması, bu nizamın universal qəbuluna səbəb oldu. Bu, ahəngdar və ölçülü bir dövr idi.
Lakin zamanın axını ilə bu ideal balans pozuldu. Şəhərlər böyüdü, urbanizasiya sürətləndi və nəticədə məsafələr uzandı. Məhz bu məqamda yollar "iş gününün uzantısına" çevrildi.
Bu gün böyük şəhərlərdə yaşayan bir işçi iş yerinə getmək və qayıtmaq üçün gündə ortalama 1-2 saat sərf edə bilər. Əgər 8 saatlıq təməl iş günü üzərinə bu vaxt xərcini əlavə etsək, insanın əslində "işlə bağlı fəaliyyətə" sərf etdiyi vaxt rahatlıqla 10-11 saata çatır. 24 saatlıq gün eyni qalsa da, 8-8-8 düsturu dağılır. Şəxsi həyat və istirahət üçün ayrılan vaxt, birbaşa yol tıxaclarının qurbanına çevrilir.
Bu problem təkcə riyazi fərq deyil, eyni zamanda ciddi psixososial yükdür. Səhər və axşam tıxaclarında keçirilən saatlar yorğunluğu artırır, insanın enerjisini tükədir. Daim dəyişən yol şəraitinə uyğunlaşma zərurəti zehni resursları tükədir və işdən sonrakı fəaliyyətlərə konsentrasiyanı azaldır.
Keçmişin nizamı bugünkü mürəkkəb dinamikaya cavab vermədiyi üçün insanlar yeni həll yolları tapmaq məcburiyyətindədir. Rəqəmsal transformasiya və pandemiya dövrü bu prosesi sürətləndirib. Bir sıra ölkələrdə evdən işləmə rejimi, elastik iş saatları, 4 günlük iş həftəsi tətbiq olunmağa başlayıb.
Gündəlik qərar qəbul etmə prosesimiz artıq sadəcə saatlara əsaslanmır. Biz yol sürətini, gecikmələrin ehtimalını və gözlənilməz dəyişkənləri hesaba qatmalıyıq. Hər şey daha mürəkkəbdir, lakin məhz bu mürəkkəblik yeni çeviklik zərurəti yaradır.
Sənaye dövrü bizə standartlaşdırılmış 8 saatlıq iş gününü miras qoydu. Rəqəmsal dövr isə bizə bu irsi bugünün ehtiyaclarına uyğunlaşdırmaq üçün texnologiya və imkanlar verir. Həyatın sürəti artdıqca, biz də bu yeni ritmə uyğunlaşmalı, vaxtın yalnız miqdarını deyil, həm də keyfiyyətini qiymətləndirməyi öyrənməliyik.