Bakıda idman gimnastikası üzrə FIG Dünya Kubokunun ikinci günü keçirilir - FOTO
Bakıda yerləşən Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kubokunun ikinci günü keçirilir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu gün kişi idman gimnastikasının nümayəndələri gimnastika atında hərəkətlər, köndələn tir üzərində hərəkətlər, eləcə də dayaq tullanışı, qadın idman gimnastikasının nümayəndələri isə sərbəst hərəkətlər və gimnastika tiri üzərində hərəkətlər nümayiş etdirəcəklər.
Yarışların ikinci günü Azərbaycanı kişi idman gimnastikası üzrə İvan Tixonov (gimnastika atı, dayaq tullanışı, köndələn tir üzərində hərəkətlər), Rəsul Əhmədzadə (gimnastika atı), Mənsum Səfərov (köndələn tir üzərində hərəkətlər), qadın gimnastikası üzrə isə Nazənin Teymurova (gimnastika tiri və sərbəst hərəkətlər) təmsil edəcəklər.
Qeyd edək ki, idman gimnastikası üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında (7-10 mart) keçirilir. Yarışlarda dünyanın 67 ölkəsindən 300 idmançı iştirak edir.
Bakıda keçirilən Dünya Kuboku 2024-cü il Olimpiya Oyunları üçün kvalifikasiya xarakteri daşıyır. Yarışların yekunlarına görə on mükafat dəsti təqdim olunacaq. Həmçinin yarışlarda ən yüksək bal toplayan gimnastlara "AGF Trophy" kuboku təqdim olunacaq.