Dayının 7 yaşlı bacısı oğlunu döyüb öldürməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB
18:19 Ağcabədidə dayının bacısı oğlunu döyüb öldürməsi ilə bağlı bir sıra təfərrüatlar üzə çıxıb.
meqale.com xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, ölən azyaşlının ana tərəfi Beyləqan, ata tərəfi isə Füzuli rayonundandır. Onlar Ağcabədinin Pərioğullar kəndinə fermada işləmək üçün gəliblər.
Məlumata əsasən, 7 yaşlı oğlan epilepsiyalı olub. Naməlum səbəbdən dayı bacısı oğluna əsəbiləşib və əlindəki ağacla başına zərbə endirib. Zərbənin təsirindən uşaq özündən gedib. Dayısı deyib ki, uşaq huşunu itirdiyi üçün onu yaxınlıqdakı ağacın altına aparıb. Düşünüb ki, sərinliyə aparsa, uşaq özünə gələcək.
O, əvvəlcə hadisədə bacısını da ittiham edib. Onun sözlərinə görə, bacısı da epilepsiyalı uşağının başına dəfələrlə vurub. Ancaq sonda dayı öz əməlini etiraf edib və uşağı özünün vurub öldürdüyünü boynuna alıb.
Qeyd edək ki, Ağcabədi rayonunun Pərioğullar kəndində fermada çoban işləyən kişi 7 yaşlı bacısı oğlunun başına ağacla zərbələr vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
--------------- 12.06.2024 Ağcabədi rayonunda qətl hadisəsi baş verib.
meqale.com oxuya istinadən xəbər verir ki, rayonun Pərioğullar kəndinin ərazisində yerləşən fermada çoban işləyən İmişli rayon sakini 1985-ci il təvəllüdlü Natiq Babayev bacısı oğlu 2017-ci il təvəllüdlü Anar Əhmədovu ağacla döyərək öldürüb.
N.Babayev polislər tərəfindən saxlanılıb.