İranda etirazlar - Mərkəzi Bankın sədri istefa verdi - VİDEO - FOTO
İranda milli valyutanın ABŞ dolları qarşısında rekord həddə ucuzlaşması paytaxt Tehran və digər böyük şəhərlərdə etirazlara səbəb olub. Aksiyalar Mərkəzi Bankın rəhbəri Məhəmməd Rza Fərzinin istefasından sonra daha da genişlənib.
meqale.com xəbər verir ki, "Associated Press"in məlumatına görə, tacirlər və dükan sahibləri Tehranın mərkəzində və Böyük Bazar ətrafında toplaşıblar. Polis bəzi ərazilərdə etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Oxşar aksiyalar İsfahan, Şiraz və Məşhəd şəhərlərində də qeydə alınıb.
Qeyd edək ki, Bazar günü İran rialı 1 dollar üçün 1,42 milyon rialadək ucuzlaşıb. Sürətli dəyər itkisi inflyasiyanı artırıb: dekabrda illik inflyasiya 42,2 faizə çatıb, ərzaq qiymətləri isə bir ildə 72 faiz bahalaşıb.
Mütəxəssislər bildirirlər ki, sanksiyalar, regional gərginlik və hökumətin planlaşdırdığı vergi artımları ölkədə iqtisadi narazılığı daha da gücləndirir.