Liviyanın Baş Qərargah rəisi Ankarada təyyarə qəzasında həlak olub - YENİLƏNİB - VİDEO - FOTO

Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslərin həlak olub.

Liviyanın Baş Qərargah rəisi Ankarada təyyarə qəzasında həlak olub - YENİLƏNİB - VİDEO - FOTO
Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslərin həlak olub.

meqale.com xəbər verir ki, bunu Liviya Baş naziri Əbdülhəmid Dibeybe bildirib.

Baş nazirin bəyanatında deyilir ki, faciəvi qəza zamanı Liviya Baş Qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər həyatını itirib.

Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.

"Türkiyədən rəsmi səfərdən qayıdarkən baş vermiş bu faciəli və kədərli qəza nəticəsində onların hamısının həyatını itirdiyi xəbəri bizi dərindən sarsıtdı", - deyə Dibeybe bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. (APA)

----------- Qəzanın səbəbi müəyyənləşdi. Məlum olub ki, təyyarə havaya qalxdıqdan qısa müddət sonra göyərtədə elektrik nasazlığı yaranıb. Pilotlar yaranmış nasazlıq barədə dispetçer məntəqəsinə (qülləyə) məlumat verərək geri dönməyə çalışıblar. Lakin təyyarə Esenboğa Hava Limanına çata bilməyib və Haymana rayonu ərazisində yerə çırpılıb. -------- Ankara Esenboğa Hava Limanından Liviyanın paytaxtı Trablusa getmək üçün havaya qalxan "Falcon 50" tipli özəl biznes təyyarəsinin qəzaya uğradığı məlum olub. Bir müddət radar əlaqəsi kəsilən təyyarənin qalıqları artıq aşkar edilib.

meqale.com xəbər verir ki, axtarış-xilasetmə qrupları təyyarənin qalıqlarını Ankaraya yaxın Haymana rayonu ərazisində tapıblar. Xatırladaq ki, təyyarə ilə son əlaqə də məhz bu bölgədə kəsilmişdi.

Təyyarədəki sərnişinlərin kimliyi dəqiqləşib. Məlumata görə, qəzaya uğrayan təyyarədə Liviyanın Baş Qərargah rəisi də daxil olmaqla cəmi 5 nəfər olub. Onların taleyi barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd olunur ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.

Ankara Esenboğa Hava Limanında uçuşlar dayandırılıb və təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Hava limanına enməli olan sərnişin təyyarələri Kayseri Hava Limanına və digər ehtiyat aeroportlara istiqamətləndirilib.