Seçkilərdə hər şey dəqiq və qaydasında idi - İƏT
Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində hər şey dəqiq və qaydasında keçdi.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının baş katibinin müavini Əli Əsgər Məhəmmədi Sicani deyib.
"İƏT patlamentariləri olaraq seçkilərin müşahidəsində iştirak etmişik. Biz dünən 16 seçki məntəqəsini gəzmişik. Seçkilərdə heç bir problem görmədik, hər şey şəffaf və intizamlı idi", - deyə o bildirib.
"Seçkilərə nəzarət edərkən hər şeyin dəqiq və qaydasında keçdiyini gördük. Son olaraq Azərbaycan xalqını seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik edirəm, dünyanın bir çox yerində gördüyümüz kimi, parlament demokratiyanın əsasıdır", - deyə o əlavə edib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.