Vətəndaşların istiliyə görə 4,5 milyon manata yaxın borcu var
İstilik enerjisinə görə heç ödəniş etməyən vətəndaşların yığılan borcu açıqlanıb.
Bu barədə meqale.com-ın sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən bildirilib.
Verilən məlumata görə, 2023-cü ildə əhali istilik enerjisinə görə ödənişlərin 71,3 faizini, 2024-cü ildə 77,6 faizini, 2025-ci ilin ilk doqquz ayında isə 88,9 faizini həyata keçirib.
Nəzərə çatdırılıb ki, bu göstəricilər əhali istehlakçı qrupunu əhatə edir.
"Heç ödəniş etməyən vətəndaşların yığılan ümumi borcu isə 4 milyon 444 min 523 manat təşkil edir. Yəni bu məbləğ illərdir istilik enerjisinə görə ödəniş etməyən abonentlərin ümumi borcudur",- deyə qurumun məlumatında qeyd olunub.
Vurğulanıb ki, bəzi binalarda istilik verilsə də, bəzi mənzillərə istiliyin çatmaması həmin binalarda daxili texniki problemlərin mövcudluğunu göstərir.
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin məsuliyyət zonasına qazanxanalar, magistral və məhəllədaxili xətlər, eləcə də zirzəmilərdə aşağı paylayıcı sistemə qədər olan xətlərin daxil olduğu diqqətə çatdırılıb:
"Bina daxili istilik problemlərinin aradan qaldırılması isə binanın balans saxlayıcısının və mənzil sahiblərinin vəzifəsinə aiddir. Bununla belə, "Azəristiliktəchizat" ASC sosial məsuliyyət prinsiplərindən çıxış edərək, belə müraciətlərə də cavab verir və zəruri texniki dəstək göstərir".