“Videodakı mənim qızım deyil, sifarişlə hazırlanıb” - Deputat Günay Ağamalı
Sosial mediada ailə üzvlərim haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır.
Bunu meqale.com-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Onun sözlərinə görə, şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir.
"Qeyd etmək istəyirəm ki, yayılan videodakı şəxs mənim övladım deyil. Bu sifarişlə hazırlanmış bir qara-piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir. Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir.
Bizi yolumuzdan heç kim çəkindirə bilməz.
Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq. Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram".
Qeyd edək ki, sosial şəbəkələrdə Günay Ağamalının qızı olduğu deyilən şəxsin videoları yayılıb. Videoda boynunda xaç olan gənc xanım rəqs edir.