“AŞPA-nın deputatı səriştəsizliyini nümayiş etdirir”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının Azərbaycanda prezident seçkilərinin monitorinqi prosesində iştirak etməməsi ATƏT/DTİHB-nin müşahidə missiyasının işinə heç bir şəkildə təsir göstərməyəcək. Bunlar arasında əlaqənin olması barədə söhbətlər və ya sonuncunun seçkiləri müşahidə etməkdən imtinası üçün razılığa gəlmək ümumiyyətlə səriştəsizlikdir.
meqale.com report-a istinadən xəbər verir ki, DTİHB ötən il dekabrın 29-da Azərbaycanda missiyasına başlayıb. Seçki günü, yəni fevralın 7-də DTİHB-dən 200-dən çox müşahidəçi, ATƏT PA-dan isə 100-ə yaxın parlamentari səsvermə prosesini izləyəcək.
Hər bir təşkilatın işini qurmaq üçün özünün prosedurları var. Elə buna görə də razılaşdırılmış addımlar haqqında danışmaq yumşaq desək, müəmmalıdır. Bu haqda AŞPA-nın sıravi deputatı danışanda isə ümumiyyətlə anlaşılmaz olur.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı müzakirələrin təşəbbüskarı olan almaniyalı deputat Frank Şvabe "BBC"yə müsahibəsində deyib ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün AŞPA-nı deyil, ATƏT/DTİHB-ni dəvət edib.
Onun fikrincə, ATƏT/DTİHB AŞPA missiyasının iştirakı olmadan seçkiləri müşahidə etməyə razı olmamalıdır:
"Bizim belə bir razılaşmamız var: ya birlikdə işləməli, ya da həmin ölkəyə getməməliyik. Hazırda bu məsələ ilə bağlı ATƏT ilə danışıqlar aparırıq".
O əlavə edib ki, Azərbaycan AŞPA-nı kənarda qoyaraq, ATƏT-i dəvət etməyə üstünlük verib: "Biz buna imkan verməyəcəyik".