Bakıda həbs olunan qırğızlardan biri keçmiş dövlət məmuru imiş - FOTOlar
Bakıda həbs olunan 4 nəfər Qırğızıstan vətəndaşından birinin - Rayımbek Matraimovun Qırğızıstan Dövlət Gömrük Xidmətinin rəisinin keçmiş müavini olduğu ortaya çıxıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Insider"məlumat yayıb.
Məlumata görə, Rayımbek Matraimov qardaşı Tilek Matraimovla birlikdə dövlətə məxsus təyyarədə Bakıdan Bişkekə çatdırılıb. Bundan başqa, sözügedən şəxslərin digər 2 qardaşı - İsgəndər və İslam Matraimovlar da Bişkekdə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən saxlanılıb.
Qeyd olunub ki, Matraimov qardaşları Qırğızıstan hökumətinə sui-qəsd etməyi planlaşdıran transmilli mütəşəkkil cinayətkar dəstə ilə əlaqədə şübhəli bilinirlər.
Xatırladaq ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib.