Bakının səması niyə tozludur? - AÇIQLANDI
Bir neçə gündür Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan çox olduğu müşahidə olunur. Rəsmi məlumata əsasən, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur. Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir.
meqale.com xəbər verir ki, "Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan çox olmasının səbəbi şərq küləkləri nəticəsində Orta Asiyada səhralardan qalxan toz dumanının gəlməsidir.
Onun sözlərinə görə, eyni zamanda bəzən Yaxın Şərqdən, Afrikadan, Ərəbistandan da çox güclü küləklər şəklində toz dumanı ölkəmizə daxil olur.
Ekoloq deyir ki, amma hazırda havada müşahidə olunan qatılıq ölkə daxilində olan toz dumanı deyil: "Bu, Şərqdən daxil olan tozdur. Yəni Orta Asiyadan, Türmənistan ərazisindən daxil olan küləklərdir. Bunun iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur. Dünyanın hər yerində belə hallar baş verir. Xüsusən səhra bölgələrində güclü külək olduqda müxtəlif istiqamətlərə toz daşınır".