Bayram gecəsi hər evə alınır - Amma, risklidir: Xəbərdarlıq
Şampan az spirtli içki sayılsa da, bəzi insanlar üçün ciddi sağlamlıq riskləri yarada bilər.
meqale.com xəbər verir ki, bu sözləri qastroenteroloq Svetlana Mingazova deyib.
Onun sözlərinə görə xüsusilə həzm sistemi xəstəlikləri olan şəxslər şampandan uzaq durmalıdır. Mədə xorası zamanı az miqdarda alkoqol belə mədə şirəsinin ifrazını artırır, mədənin selikli qişasını qıcıqlandırır və sağalmanı ləngidir. Xroniki qastriti olan insanlarda isə 1 qədəh şampan belə xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.
Həssas bağırsaq sindromu olanlarda şampan ağrı və spazmlar yarada bilər. Həkim bunu içkidəki qaz və yüksək turşuluqla əlaqələndirib. Qeyri-spesifik xoralı kolit və Kron xəstəliyi zamanı isə alkoqol iltihabı gücləndirərək vəziyyəti daha da pisləşdirə bilər.
"Şampanın tərkibindəki şəkər də əlavə risk yaradır. Bu içki qanda şəkərin səviyyəsini sürətlə yüksəldə bilər. Buna görə diabeti və insulinə davamlılığı olan insanlara şampan tövsiyə edilmir".
Həkim pankreatit və öd daşı xəstəliyi olanlar üçün də xəbərdarlıq edib. Onun sözlərinə görə, şampan mədəaltı vəzi qıcıqlandırır və ağrıları gücləndirə bilər. Qaraciyər və böyrək xəstəlikləri, allergiyaya meyillilik zamanı da bu içkidən çəkinmək lazımdır.
Ekspert qeyd edib ki, çoxlu qaz səbəbindən şampan sağlam insanlarda belə ağır başağrısına və halsızlığa yol aça bilər. Migreni olan və alkoqolu çətin qəbul edən şəxslərə isə şampanı bayram menyusundan tam çıxarmaq məsləhət görülür.