Əcnəbilər sosial şəbəkələrdə narkotik satışı ilə “at oynadırlar” - VİDEO
"Mənim səhifəm 4 ildir var. Tanıyan tanıyır məni. İstədiyin narkotik maddəni sənə təşkil edirik"...
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, bu mesaj sosial şəbəkədəki səhifədən yazılıb.
Sosial platformalarda narkotik maddə satanlarla bağlı dəfələrlə xəbər vermişik. Amma bu dəfə satışı edən əcnəbidir və yaşadığı ölkədən sifariş qəbul edir.
İranlı olduğunu bildirən həmin şəxs öz ölkəsindən idarə etməklə Azərbaycanda narkotik maddə satışı həyata keçirir. Bunu deməyə həmin şəxslə apardığımız virtual danışıq əsas verir. Profilindəki bayraqdan da onun İran vətəndaşı olduğunu sezmək mümkündür.
"Narkotik maddəni sifariş ver, biz sənə ünvan verəcəyik, get oradan götür"-deyən həmin şəxs qiymətdə də endirim etdiyini bildirir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları fasiləsiz xidmət aparırlar.