Filarmoniyada “Gənclər günü” münasibəti ilə təltif etmə mərasimi keçirildi - FOTO
Gənclik gələcəyin təməlidir. Azərbaycanda 2 fevral tarixində qeyd edilən "Gənclər günü" 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmuş, gəncliyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd edilməyə başlanan bu tarix ölkə rəhbərliyinin gənclər siyasətinə bəslədiyi inam və güvəninin aşkar sübutudur.
Məlum olduğu kimi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəhbərliyi də bu siyasəti dəstəkləyərək daim gənclərə diqqət ayırır, mütəmadi şəkildə konsert silsilələri təşkil edərək onların yaradıcı potensiallarının aşkar edilməsinə zəmin yaradır.
2 fevral 2024-cü il tarixi də Filarmoniya rəhbərliyinin xüsusi münasibəti ilə yadda qaldı. Belə ki, rəhbərlik nümayəndələri gənclik bayramı səbəbi ilə yaradıcı nəsil ilə görüş təşkil etdilər. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova -Zəkəriyyə bütün Azərbaycan gənclərini təbrik edərək Filarmoniyada fəaliyyət göstərən hər bir gəncə göstərilən xüsusi diqqəti vurğuladı. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadənin təşəbbüsü ilə hər kollektivdən gənc, istedadlı və ən fəal nümayəndələr seçilərək yaradıcı fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olundular. Təltif olunanların sırasında Rifan Qəhrəmanov, İlkanə Cəfərova, Şərif Bağırov, Nəzrin Aslanlı, Nurlana Abdullayeva, Rüfət Xəlilov, Firdovsi Eyvazov və Camalə Abdinzadənin adını çəkmək lazımdır.