“İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın açılış mərasimi olub - FOTO

Yanvarın 16-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın təntənəli açılış mərasimi keçirilib.

“İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın açılış mərasimi olub - FOTO
Yanvarın 16-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın təntənəli açılış mərasimi keçirilib.

İlk dəfə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı" 2022-ci ildə təsis olunub.

Festival müxtəlif idman və ekstrimal idman növlərinin populyarlaşdırılması, sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin idman bölmələrinə cəlb edilməsi, Olimpiya Hərəkatı prinsiplərinin təbliğ edilməsi, mədəni maarifləndirmə və yaradıcı insanlar arasında tam təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı filmlərin və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinematoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin edilməsi və s. məqsədi daşıyır.

İkinci "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilieva, Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, MOK-un İcraiyyə Komitəsinin və festivalın münsiflər heyətinin üzvləri, həmçinin idman ictimaiyyətinin  nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti, festivalın Təşkilat Komitəsinin sədri Çingiz Hüseynzadə qonaqları salamlayaraq, festivalın əhəmiyyəti barədə danışıb: "Bildiyiniz kimi, ilk  "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı" Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuşdu. Bu festival uğurla təşkil olunduğuna görə, qərara aldıq ki, bu festivalı iki ildən bir keçirək. Bu işdə televiziya kanalları, özəl studiyalar və yaradıcı kollektivlər fəallıq nümayiş etdirdilər. Onların sırasına yerli idman federasiyalarını da əlavə etdik. Bilirdik ki, onlar da bu sahədə kifayət qədər təcrübə toplayıblar. Əminik ki, ikinci festival da uğurla keçiriləcək. Festivalda münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən hər bir nominasiyada üç namizədlərdən biri mükafat alacaq layihə, Bədən Tərbiyəsi və İdman Günündə mükafatlandırılacaq. Arzu edirəm ki, Azərbaycanı dünyada tanıdan, üçrəngli bayrağımızı qürurla dalğalandıran, himnimizi səsləndirən idmançılarımız haqqında bədii filmlər çəkilsin. İnanıram ki, tezliklə bu mövzuda bədii filmlər çəkiləcək və iki ildən sonrakı festivalda bədii film nominasiyasında da qalibləri müəyyənləşdirəcəyik".

Tədbirdə ikinci "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın tərəfdaşı "Cüdo Klub 2012" İctimai Birliyinın sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov çıxış edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən Azər Əsgərov bu ənənənin bundan sonra davam edəcəyini bildirib. O, həmçinin MOK-un təşkil etdiyi film festivalının tərəfdaşı qismində çıxış etməkdən məmnun olduğunu qeyd edib.

Açılış mərasimində "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın müsiflər heyətinin üzvləri Sidney-2000 Yay Olimpiya Oyunlarının çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova (sədr), Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, ssenarist Oleq Səfərəliyev, Əməkdar incəsənət xadimi  Xanlar Məmmədov, "Bakılı oğlanlar" komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov çıxış edərək,festivalın uğurlu olacaqlarına inandıqlarını bildiriblər.

Sonra Milli Olimpiya Komitəsinin himninin yeni klipi nümayiş olunub.Tədbirdə  tamaşaçılara birinci "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı" və festivalın tərəfdaşları sırasında yer alan "Cüdo Klub 2012" İctimai Birliyi haqqında tanıtım çarxı da nümayiş etdirilib.

Daha sonra tədbirdə müstəqil Azərbaycan Respublikasının Olimpiya çempionlarına həsr olunmuş  "Olimpiya Odisseyası" sənədli filmlər silsiləsindən olan, 2019-cu ildə İsveçrənin Lozanna şəhərində keçirilən I Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS Sport Media Awards) Festivalında, Avropa qitəsini təmsil edən və "TOP 10 Europe" adına layıq görülən, Olimpiya çempionumuz Toğrul Əsgərov haqqında çəkilmiş "Ərtoğrul"  filmi nümayiş olunub.

Festival haqqında http://millitvfest.az/, https://www.facebook.com/millitvfest.az/ sayt və sosial media hesablarından daha ətraflı məlumat əldə etmək olar.

Tərəfdaş - "Cüdo Klub 2012" İctimai Birliyi.