Prezident seçkiləri zamanı səsvermə otağı necə təşkil edilməlidir?
Azərbaycanda seçkilər zamanı səsvermə otağı Seçki Məcəlləsinin 98-ci maddəsinin tələblərinə uyğun şəkildə təşkil edilir.
meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, həmin maddədə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qurumunun məntəqə seçki komissiyasına əvəzsiz olaraq səsvermə otağı ayırmaq öhdəliyi qeyd olunub.
Tələbə əsasən, səsvermə otağına səsvermə qutuları, kabinəsi, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulmalıdır (qurulmalıdır). Zəruri avadanlıqlara elə yerləşdirilməlidir ki, seçicilərin səs verərkən rahat hərəkət etmələrinə maneə yaratmasın.
Səsvermə otağında namizədlər, bülletenlərin doldurulması qaydası haqqında məlumatların göstərilməsi məqsədi ilə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada məlumat lövhələri yerləşdirilməlidir. Göstərilən lövhə elə yerləşdirilməlidir ki, seçicilər lövhədə olan materialları sərbəst oxuya bilsinlər.
Səsvermə başlandığı andan səsvermə otağında səsvermənin yekunları barədə məlumatları göstərmək məqsədi ilə, səsvermənin yekununa aid böyüdülmüş protokol nümunələri asılmalıdır.
Səsvermə otağı elə təşkil edilməlidir ki, seçki bülletenlərinin verildiyi yer, kabinələr, səsvermə üçün digər yerlər, səsvermə qutuları məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər tərəfindən sərbəst görünə bilsin.
Seçki Məcəlləsinin 198-ci maddəsində bildirilir ki, məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülletenlərinin nümunələrini, qeydə alınmış prezidentliyə namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri, tutduğu vəzifəsi (bu olmadıqda - fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhəsində yerləşdirir.