Prezident seçkilərində seçicilər yüksək fəallıq nümayiş etdirir - Məntəqə sədri

Azərbaycanda keçirilən Prezident seçkilərində seçicilər yüksək fəallıq nümayiş etdirirlər.

Prezident seçkilərində seçicilər yüksək fəallıq nümayiş etdirir - Məntəqə sədri
Azərbaycanda keçirilən Prezident seçkilərində seçicilər yüksək fəallıq nümayiş etdirirlər.

Bu barədə Trend-ə 31 saylı Suraxanı seçki dairəsinin Yeni Günəşli kəndindəki 275 saylı orta məktəbdə təşkil olunmuş 21 saylı seçki məntəqəsinin sədri Rövşanə Abbasova deyib.

"Seçicilərin böyük axını var. Onlar yüksək fəallıq nümayiş etdirir və öz vətəndaşlıq borcunu yerinə yetirirlər", - o vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.