Prezident seçkilərinə hazırlıq ən yüksək səviyyədə aparılıb - Dmitri Kobitski
Azərbaycanda prezident seçkilərinə hazırlıq ən yüksək səviyyədə aparılıb.
Trend-in məlumatına görə, bunu MDB PA Şurasının baş katibi Dmitri Kobitski Səbail rayonunun 2 saylı seçki məntəqəsində (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Azərbaycanda növbədənkənar Prezident seçkilərinin başlanması ilə bağlı yerli mətbuata müsahibə verərkən deyib.
"Biz Azərbaycan qanunvericiliyini öyrənmişik və o, bütün demokratik normalara, bütün standartlara tam uyğundur və qeyd edə bilərəm ki, bu gün seçkilərə hazırlıq ən yüksək səviyyədə aparılıb. Biz bunu prezidentliyə namizədlərlə, seçki prosesinin təşkilatçıları ilə, o cümlədən, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, parlamentin nümayəndələri ilə görüşlərimizlə təsdiq edirik.
Biz seçkinin nəticələrini axşam saatlarında, bütün müşahidəçilər çoxlu sayda seçki məntəqələrində olduqdan sonra öyrənəcəyik, biz bir araya toplaşacağıq, nəticələrə yekun vuracağıq və sabah mətbuat konfransında ilkin nəticələri açıqlaya biləcəyik.
Seçkilərin nəticələrini axşam, bütün müşahidəçilər çox sayda seçki məntəqəsinə ziyarət edib bitirəndən sonra, biləcəyik və sabah mətbuat konfransında ilkin nəticələri açıqlaya biləcəyik. Amma son qənaətimiz seçkinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra olacaq", - Dmitri Kobitski dedi.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.