Qaya Dövlət Ansamblinin uğurlu premyerası – VİDEO - FOTO
Dövlət "Qaya" Ansamblı yeni premyerası ilə musiqisevərləri sevindirdi. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində baş tutan konsertdə dahi Azərbaycan klassik bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının mövzuları əsasında caz-estrada üslubunda fantaziya təqdim olundu. Konsertin əvvəlində ilk söz "Qaya" Dövlət Ansamblının direktoru Turan Məmmədəliyevaya verildi və onun qısa çıxışında ansamblın hazırladığı layihə haqda söz açıldı.
"Arşın mal alan" fantaziyası əfsanəvi "Qaya" kvartetinin banilərindən biri, vokalçı və pedaqoq, Respublikanın Xalq artisti Rauf Babayevin çoxdandan düşündüyü layihə olmuş, 2017-ci ildən etibarən indiki gənc "Qaya" Ansamblının üzvləri ilə birlikdə işlənilərək tamamlanmışdır. Fantaziyanı musiqili komediyanın əsas solo, xor və duet nömrələrinə işləmələr təşkil edir. Nömrələrin caz-estrada üslubunda harmonizəsi və işləmələri Rauf Babayevə, instrumental ansambl üçün aranjimanı isə "Qaya" Dövlət Ansamblının üzvü, bəstəkar, pianoçu Nazim Əhmədova məxsusdur.
Konsertin ilk bölməsində "Arşın mal alan" fantaziyası ifa edildi. Lirik, rəngarəng ovqatlar yaradan musiqi və gözəl ifalar auditoriyanın sevgi dolu alqışlarını qazandı. "Qaya" Ansamblının repertuarının zəngin hissəsini təşkil edən Azərbaycan xalq və bəstəkar mahnılarının ifaları publikanın hər zaman həsrətlə gözlədiyi mahnılar - "Sən danışanda", "Mən gəzirəm hər yanı", "Bakının qızları", "Ceyran", "Ey, həyat" və digər incilər konserti hərarətli ovasiyalarla tamamladı.
Ansamblın üzvləri: solistlər - Cahangir Pərişani, Şölə Səfərəliyeva, Səbinə Hacıyeva, Nigar Cəlilova, Günay Əhmədova, Boris Bayramov
İnstrumental ansamblın üzvləri: Rafayel Bünyadov (elektro-gitara), Vaqif Əliyev (zərb alətləri), Nazim Əhmədov (aranjiman), Fərrux Cəfərov (elektro-piano), Fərid Mailov (saksofon), Fərhad Cəfərov (saksofon), Oqtay Rüstəmov (trumpet), Fuad Cəfər (bas-gitara)