Qazaxda səsvermə fəallığı müşahidə edilir
109 saylı Qazax seçki dairəsinin 9 saylı seçki məntəqəsində səsvermə prosesi seçicilərin fəallığı ilə davam edir.
meqale.com Trend-ə istinadən bildirir ki, məntəqədə 1187 seçici qeydə alınıb.
Onlardan 20 nəfər ilk dəfə səs verəcək. Seçicilərdən 10 nəfərin evinə məntəqə seçki komissiyasının üzvləri tərəfindən daşınan seçki qutusu aparılacaq.
Ümumiyyətlə, 109 saylı Qazax seçki dairəsi üzrə 41 məntəqə var. Bu məntəqələrdə, ümumilikdə, 49414 seçici qeydə alınıb. Dairə üzrə 3642 nəfər ilk dəfə səs verəcək. 18 yaşı tamam olan seçicilərin sayı isə 87 nəfər təşkil edir. Dairə üzrə 10 məntəqəyə veb-kamera quraşdırılıb. 5 seçicinin yaşı 100-dən çoxdur.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.