Seçicilər Hadrutda konstitusion hüquqlarından istifadə edirlər - FOTO
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Hadrut qəsəbəsində yaradılmış 108 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.
meqale.com Trend-ə istinadən bildirir ki, seçki məntəqəsi saat 7:50-də müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan edilib.
Məntəqə üzrə qeydə alınan 526 seçici səhər saatlarından etibarən seçki məntəqəsinə gəlir, öz konstitusion hüquqlarından istifadə edirlər. Seçki prosesini 13 yerli müşahidəçi izləyir.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə 105 saylı məntəqə Şuşa şəhərində, 106 saylı məntəqə Xocalı rayonu Təzəbinə kəndində, 107 saylı məntəqə Xocalı rayonu, Əsgəran qəsəbəsində, 108 saylı məntəqə Xocavənd rayonu Hadrut qəsəbəsində yaradılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.