Seçki prosesi Azərbaycan qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə aparılıb - Lebedev
Fevralın 8-də Müstəqil Dövlətlər Birliyinin (MDB) 13 nəfərdən ibarət müşahidə missiyası Növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
meqale.com Trend-ə istinadən bildirir ki, qurumun rəsmisi, Müstəqil Dövlətlər Birliyi nümayəndə heyətinin rəhbəri, qurumun Baş katibi Sergey Lebedev Azərbaycana prezident seçkilərinin yüksək səviyyədə təşkili üçün minnətdarlığını bildirib.
Seçki prosesi ilə bağlı fikirlərini bölüşən S.Lebedev seçkilərin yüksək seçici fəallığı ilə müşayiət edildiyini vurğulayıb, təşkilatçılığın beynəlxalq standartlara uyğun şəkildə olmasından məmnunluğunu ifadə edib. Seçicilərdə yüksək ruh yüksəkliyinin olduğunu deyən Baş katib onların müxtəlif təbəqələrdən olduqlarını diqqətə çatdırıb.
"Seçkilər çox yüksək səviyyədə, ədalətli və şəffaf keçdi. Proses Azərbaycan qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə aparılıb", - deyə Sergey Lebedev vurğulayıb.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.