Türkiyə ilə güclü əlaqələrimizi zəiflətmək üçün yalan məlumatlar yayırlar - Azər Qarayev
Son zamanlar, SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı yönəlmiş bəzi ittihamlar və yalan məlumatlar yayılıb.
meqale.com bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
A.Qarayev bildirib ki, SOCAR-ın İsrailə neft satdığı iddiaları əsassızdır.
"Şirkət bu iddiaları qətiyyətlə rədd edir və bunların əsassız və yalan olduğunu bildirir. Neft ticarətində beynəlxalq qaydalara uyğun olaraq, neft məhsulları trader şirkətlər vasitəsilə satılır. Bu şirkətlər isə nefti kimin alacağına dair konkret məlumatlar vermirlər və bu məlumatları açıqlamaq məcburiyyətində deyillər. SOCAR, neftini müxtəlif trader şirkətlərinə satır və bu traderlər isə nefti daha sonra müxtəlif ölkələrə paylayır. Buna görə də, SOCAR-ın nefti konkret olaraq hansı ölkəyə satdığını bilmək və buna nəzarət etmək mümkün deyil".
Politoloq onu da qeyd edib ki, SOCAR-a qarşı aparılan bu kampaniyalar, əslində, daha geniş miqyaslı və siyasi məqsədlər güdən qruplar tərəfindən təşkil olunub.
"Bu hücumların əsas məqsədi, Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirmək, SOCAR-ı və bütövlükdə Azərbaycanı Türkiyə ictimaiyyətində nüfuzdan salmaqdır. Xüsusilə Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən bəzi qruplaşmalar bu işdə fəal iştirak edir. Onlar Azərbaycan və Türkiyə arasındakı səmimi və güclü əlaqələri zəiflətmək üçün müxtəlif yalan məlumatlar yayırlar".
A.Qarayev əlavə edib ki, SOCAR, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin və strateji əməkdaşlığın güclənməsinə böyük töhfə verən bir şirkətdir.
"İki qardaş ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələr çox dərin köklərə malikdir və SOCAR bu əlaqələrin inkişafında mühüm rol oynayır. SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, bu əlaqələrin möhkəmləndirilməsi baxımından çox önəmlidir". Onun sözlərinə görə, bu hücumların arxasında duran qüvvələr, Azərbaycanın və Türkiyənin birlik və qardaşlıq ruhunu zədələmək məqsədi güdürlər.
"Lakin bu cür yalan və əsassız ittihamlar, hər iki ölkənin xalqlarının arasındakı dərin və sarsılmaz əlaqələri sarsıda bilməyəcək. SOCAR və bütövlükdə Azərbaycan, qardaş Türkiyə ilə olan əlaqələrini daha da gücləndirərək, bu cür hücumlara qarşı möhkəm dayanacaqdır".