Üç nəfəri qətlə yetirən şəxsə hökm oxundu - FOTO
Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
meqale.com APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Müşfiq Tağıyevin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.
Qeyd edək ki, 2023-cü il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.