Yəmən mətbuatında Prezident seçkiləri haqqında analitik məqalə dərc olunub
Yəmənin ANN informasiya agentliyinin saytında fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri haqqında analitik məqalə dərc olunub.
meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, məqalədə oxucuların diqqətinə çatdırılır ki, növbədənkənar Prezident seçkiləri Azərbaycan Ordusunun 2020-ci ildə başlatdığı 44 günlük Vətən müharibəsi və ötən il aparılan antiterror tədbirlərindən sonra ölkənin suverenliyinin və ərazi bütövlüyü tam təmin edildiyi şəraitdə baş tutacaq.
"2023-cü il sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri Qarabağdakı bütün erməni separatçılarını təslim olmağa məcbur etdi və 30 illik işğaldan sonra Xankəndidə Azərbaycanın üçrəngli Bayrağı dalğalandı. Bununla da Cənubi Qafqaz regionunda yaranmış yeni siyasi reallıq daha da möhkəmləndi", -deyə yazıda qeyd olunur.
Məqalədə diqqətə çatdırılır ki, seçkilərdə 7 nəfər prezidentlik uğrunda mübarizə aparacaq.
Yazıda vurğulanır ki, növbədənkənar Prezident seçkilərində qalib gələcək namizədin qarşıdakı dövrə Azərbaycanın davamlı inkişafına, müdafiə qabiliyyətinin daha da artırılmasına, xalqın milli birliyinin möhkəmləndirilməsinə əsaslanan yeni milli doktrina ilə başlayacağı gözlənilir.