“1-ci Uşaq Teatr Festivalı”nın qalibləri elan edildi - FOTO
"Milli Teatr Günü" nə həsr olunmuş Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və "EMEDIA GROUP" Media təşkilatının təşkilatçılığı ilə "1-ci Uşaq Teatr Festivalı"nın bağlanış mərasimi baş tutdu. Festival çərçivəsində müxtəlif yaş qruplarından olan uşaqlar teatr sənətinə maraqlarını nümayiş etdirib və yaradıcı çıxışlarını təqdim ediblər.
Tədbirdə millət vəkilləri, QHT sədrləri, tanınmış incəsənət xadimləri, mətbuat nümayəndələri və digər qonaqlar iştirak etdilər.
Bağlanış mərasimində çıxış edən Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov festivalın uğurla yekunlaşdığını vurğulayıb və gələn il 2-ci Uşaq Teatr Festivalının keçiriləcəyini elan edib. O, festivalın uşaqlar üçün böyük yaradıcılıq platforması olduğunu bildirib və bu ənənənin davam etdirilməsinin vacibliyini qeyd edib. Həmçinin, gələcək festivallarda daha genişmiqyaslı tədbirlərin və yeni teatr elementlərinin tətbiq ediləcəyini vurğulayıb.
Festivalın təşkilatçılarından "EMEDIA GROUP" Media təşkilatının sədri Elşən Əliyev çıxış edərək festivalın uşaq teatr sənətinin inkişafına böyük töhfə verdiyini bildirib. O, uşaqların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyini vurğulayaraq, festivalın informasiya təminatında və təşviqində rol oynayan media qurumlarına təşəkkürünü bildirib.
Teatr Xadimləri İttifaqının sədr müavini, Respublikanın Əməkdar artisti, professor Azad Şükürov öz çıxışında festivalın teatr sənətinə yeni nəsil istedadların qazandırılmasına verdiyi töhfəni qeyd edib. O, uşaqların bu kimi layihələrdə iştirakının onların yaradıcılıq potensialını üzə çıxardığını və gələcəyin aktyorları üçün gözəl imkanlar yaratdığını bildirib.
6 gün davam edən Festivalda 6-14 yaş arası 1, 2 və 3-cü yer üzərində müxtəlif orta məktəblər, mədəniyyət mərkəzləri, dövlət və özəl qurumların iştirakı ilə mübarizə aparmışlar. Münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblər seçilərək 17 mart festivalın bağlanış mərasimində ictimaiyyətə təqdim olundu.
Festivalda müxtəlif nominasiyalar üzrə qaliblər elan edilib və mükafatlandırılıb: I yer - 3 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi - "Çiçəyim" Uşaq Teatrı II yer - 7 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi - "Sənət İnciləri" kollektivi III yer - Mirzə Ələkbər Sabir adına 259 saylı orta məktəb - "Hop-Hop" kollektivi III yer - Azərbaycan İncəsənət Məktəbi - "Səhnənin Ulduzları" kollektivi