120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə seçkiləri 1062 müşahidəçi izləyir

Növbədənkənar Prezident seçkiləri işğaldan azad olunan Cəbrayılda seçicilərin aktivliyi müşahidə olunur.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə seçkiləri 1062 müşahidəçi izləyir
Növbədənkənar Prezident seçkiləri işğaldan azad olunan Cəbrayılda seçicilərin aktivliyi müşahidə olunur.

meqale.com Trend-ə istinadən bildirir ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindəki 83 seçki məntəqəsi üzrə ümumilikdə, 56431 seçici qeydə alınıb.

İşğaldan azad olunan Cəbrayıl ərazisində fəliyyət göstərən 80 saylı seçki məntəqəsində 1184 nəfər, Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisindəki Araz Vadisi İqtisadi Zonasındakı 81 saylı seçki məntəqəsində isə 419 nəfər seçici səs verəcək. Qeydə alınan seçicilər işğaldan azad olunan ərazilərdə çalışanlardır.

Dairə üzrə 11 məntəqə Biləsuvar rayon ərazisindəki məcburi köçkün şəhərciyində, bir seçki məntəqəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində, qalan seçki məntəqələri isə respublikanın 54 rayon və şəhər ərazisində yerləşir. Dairə üzrə 1062 müşahidəçi qeydiyyatdan keçib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.