“Art Olimpia” müsabiqəsinin qalibləri müəyyən olundu - FOTO
"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Assosasiyası"nın birgə təşkilatçılığı daha növbəti bir irimiqyaslı müsabiqə baş tutub. Müsabiqə ötən həftəsonu 2 gün olmaqla Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilib.
"Art Olimpia" müsabiqəsinə Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Ağdaş, Yevlax, Mingəçevir, Oğuz, Şəki və sair bölgələrimizin uşaq musiqi və incəsənət məktəblərindən, mədəniyyət saraylarından iki mindən çox iştirakçı qatılıb. Bu iştirakçılar iki gün ərzində öz nominasiyaları və yaş qrupları arasında incəsənətin müxtəlif növləri(xalq çalğı alətləri, klassik alətlər, vokal, rəqs, təsviri sənət, bədii qiraət) üzrə gərgin mübarizə aparıblar.
Çıxışlarından sonra iştirakçılar mükafatlandırılıblar. Müsabiqədə xüsusilə fərqlənən iştirakçılar "GRAND PRİX" adına layiq görülüblər.
Öz qalibiyyətləri ilə seçilənlər Ağdaş rayon Habil Əliyev adına 1 №-li Uşaq Musiqi Məktəbi, AMK tərkibində İncəsənət Gimnaziyası, Sumqayıt şəhər Q.Qarayev adına 1 №-li Uşaq Musiqi Məktəbi, rəqs incəsənət növündə isə "Qaval" Rəqs qrupu olub. "JAM SS TEATR"ın yeniyetmələri isə teatr incəsənəti üzrə "Buratino" çıxışları ilə "GRAND PRİX" mükafatına layiq görülüblər.
Qeyd etmək lazımdır ki, "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyinin sədri Zakir Əliyev hərbi xidmətə yollandığı üçün mükafatlandırma mərasimi onun səlahiyyətlərini həyata keçirən sədr müavini Rəsul Əliyev tərəfindən aparılıb.
2 günlük irimiqyaslı müsabiqənin sonunda "Azərbaycan Rəqs Asossasiyası"nın prezidenti Əziz Əzizov bildirib: "Bu festival uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə, gənclər arasında mədəni dialoqun formalaşmasına xidmət edir. Biz uşaq və gənclərimizin incəsənətlə iç-içə olmasına vasitəçilik etdiyimiz üçün çox şadıq". Eyni zamanda, Əziz Əzizov çıxışlarına görə bütün iştirakçılara, bədii rəhbərlərə, ədalətli seçimlərinə və yorulmadan böyük zövqlə fəaliyyət göstərən 15 nəfərlik dəyərli münsiflər heyətinə öz təşəkkürünü bildirib.