AŞPA Bakının səbr kasasını daşırdı
Uzun müddətdir ki, Azərbaycan ilə AŞPA arasında gərginləşən münasibətlər dünən pik həddə çatdı. Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk etdiyini elan etdi. Avropa Şurasında qalan ölkəmiz bu qurumun Parlament Assambleyası ilə əlaqəni kəsdi.
AŞPA ilə münasibətlər onsuz da yaxşı deyildi. Son illər ərzində demək olar ki, ayda bir-iki dəfə bu qurum anti-Azərbaycan mövqeyini üzə çıxarırdı. İllərlə Ermənistanın işğalına göz yuman AŞPA ancaq Azərbaycanın əleyhinə qərarlar qəbul edirdi.
Keçmiş siyasətçilərin, keçmiş deputatların, biznesmen və oliqarxların toplandığı kluba çevrilən Avropa Şurası Azərbaycan tərəfində olmadığını dəfələrlə üstüörtülü şəkildə bildirib. Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq bir çox beynəlxalq qurumun, o cümlədən AŞPA-nın əsl üzünü bir daha aşkara çıxardı.
Məşvərətçi funksiyası daşıyan AŞPA əslində çox da mühüm qurum deyil. AŞPA heç bir regional münaqişənin, o cümlədən Qarabağ, Abxaziya və Cənubi Osetiya (Gürcüstan) və hətta Ukraynada davam edən müharibənin həllinə konstruktiv və müsbət təsir göstərməyib. 2001-ci ildə Avropa Şurasına üzv olandan sonra ilk dəfədir ki, ölkəmiz Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə bütün əlaqələri kəsib. Rusiyadan sonra AŞPA-nı tərk edən ikinci ölkə elə məhz Azərbaycandır.
AŞPA-nın saytında yayılan məlumatda bildirilib ki, dünənki qərar yalnız Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda davam edir. Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin tanınmaması ilə bağlı qətnamə dünən 76 lehinə, 10 əleyhinə və 4 bitərəf olmaqla qəbul edilib.
Azərbaycanın nə üçün AŞPA-nın nümayəndə heyətini və ya müşahidəçilərini qəbul etməməsi sual doğursa da, səbəblər aydın məsələdir. Cənubi Qafqazda yaranan yeni geosiyasi reallığı həzm edə bilməmə, seçkilərə görə təzyiq, qərəzli mövqe və başqa bu kimi səbəblər mövcud vəziyyətə gətirib çıxarıb. Çoxları düşünə bilər ki, AŞPA-nın bu qərarı rəsmi Bakının Avropa Şurası, Avropa İttifaqı ilə tərəfdaşlığına təsir edəcək. Xeyr, əksinə Azərbaycan inkişaf etmiş dövlətlərlə, Qərblə işbirliyini daha da aktivləşdirəcək. Təzyiq isə seçki öncəsi daha da arta bilər. Bakının mövqeyi isə hərzaman olduğu kimi dəyişməz olaraq qalır.
İslam meqale.com