Bəstəkarlar İttifaqınında Fikrət Əmirov adına I Ümumrespublika Musiqi Festivalı açılışı keçirildi - FOTO
Fikrət Əmirov görkəmli Azərbaycan bəstəkarı, musiqi mədəniyyətinin aparıcı simalarından, müasir dünya musiqi mədəniyyəti xəzinəsinə qiymətli töhfələr vermiş sənətkardır. Görkəmli bəstəkarın irsi Dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
Bu məqsədlə ölkəmizdə Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Gəncə Filarmoniyasının birgə təşkilatçılığı ilə mart aynın 4-dən 9-dək Gəncə Dövlət Filarmoniyasının yubileyinə həsr olunmuş Fikrət Əmirov adına I Ümumrespublika Musiqi Festivalı keçirilir.
Festivalın açılış mərasimi 4 mart 2025-ci il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda açılış mərasimi "Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fikrət Əmirovun rolu" mövzusunda elmi seminar keçirildi. Elmi Seminarı giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə açaraq görkəmli bəstəkar Fikrət Əmirov yaradıcılığının dünya və milli musiqi mədəniyyətindəki xidmətlərini qeyd etdi. Həmçinin, bəstəkarın yaradıcılığını işıqlandıran monoqrafiyalar, elmi məqalələr haqqında da ətraflı söhbət açdı.
Festivalın bədii rəhbəri, Respublikanın Əməkdar artisti, Gəncə Filarmoniyasının direktoru Ramil Qasımov çıxış edərək, ölkənin aparıcı kollektivlərinin və solistlərinin ifasında Festivalın proqramında təqdim olunacaq konsert və tədbirlərdən danışdı.
Seminar tanınmış ssenarist və rejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallının "Fikrət Əmirov" sənədli filminin nümayişi ilə davam etdi.
Belə ki, tədbirdə görkəmli bəstəkarın yaradıcılığının müxtəlif sahələrinə dair mövzular dinlənildi. Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova "Fikrət Əmirovun simfonik muğamları", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova "Fikrət Əmirov yaradıcılığında milli ideologiyanın təcəssümü", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva "Fikrət Əmirovun "Sevil" operası", elmi işçi Fidan Nəsirova-Əhmədova "Fikrət Əmirovun yaradıcılığında şərq mövzuları", musiqişünas Aysel Kərim "Fikrət Əmirovun vokal yaradıcılığında milli ənənələrin təzahürü" adlı mövzularla çıxış etdilər.
Seminarın bədii hissəsində bəstəkarın unudulmaqda olan "İki sahil" romansının həm video variantı, həm də canlı ifası və "Sevil" operasından Balaşın ariyası səsləndi.