CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi - FOTO

Fikir çəkmə, telefona çək!

CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi - FOTO
Fikir çəkmə, telefona çək!

Fevralın 23-də Nizami Kino Mərkəzində "CINEMO" Mobil Film Festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş "Yaradıcı Həftə" çərçivəsində ötən ilin dekabrın 1-dən start götürmüş CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə baş tutub.

Devizi "Fikir çəkmə, telefona çək" olan festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

Mükafatlandırma Mərasimində çıxış edən layihənin təsisçisi və rəhbəri, kinoaktyor, prodüser Ruslan Sabirli festivala seçilən filmlərin onu çox təəccübləndirdiyini söyləyib. O, festivala 150 nəfərin film təqdim etdiyini və onlardan yalnız 70-nin (34 bədii film, 17 sənədli film, 19 sosial çarx) seçildiyini diqqətə çatdırıb. Festivala respublikanın 15 şəhərindən iştirakçı qoşulub.

Sonra festivalın qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin adını açıqlayaraq diqqətə çatdırıb ki, filmləri rəhbəri Emin Mirabdullayev (Akademik Rus Dram Teatrının rejissoru, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü) olmaqla tanınmış kino xadimləri Əli İsa Cabbarov (Dərviş Prodüser Mərkəzinin direktoru, Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri, Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının həmtəsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi), Fehruz Şamıyev (Müxtəlif Beynəlxalq Film Festivallarının münsifi, Baku International Short Film Festivalın və "ÖZ FİLM "-in direktoru), Sevinc Əliyeva (aktrisa, prodüser, "SFN" film Production-ın təsisçisi), Orxan Ağazadə (Kann Film Festivalının "Cinefondation Residency" ssenari inkişafı platformasına Azərbaycandan seçilmiş ilk layihə olan "Məhbus" tammetrajlı filminin rejissoru) dəyərləndirib. Mədəniyyət Nazirliyi, ARKA və Nizami  Kino Mərkəzinə təşəkkür edən layihə rəhbəri tədbirin Tik Tok sosial şəbəkəsi ilə birbaşa canlı yayımlandığını deyib. Belə ki, Mükafatlandırma Mərasimi TikTok Şərqi Avropa və Mərkəzi Asiya icmasının rəsmi səhifəsində (@tiktoklive_cis) canlı olaraq yayımlanmışdır. Tədbiri 10-a yaxın ölkədən 50.000-ə yaxın adam izləmişdir. Layihənin rəbəri bunun gələcəkdə festivalın beynəlxalq statuslu olacağına zəmin yaradacağına əminliyini ifadə edib. Daha sonra tanınmış kino xadimlərinin iştirakı ilə qaliblərə mükafatlar təqdim olunub.

"CINEMO" Mobil Film Festivalının "Sosial çarx" nominasiyası üzrə birinci yerə "Qismət" (Məmmədəli Əbilov), ikinci yerə "Gəlincik" (Fikrət Gündüzlü), üçüncü yerə "Mənim adım autizmdir" (Azər Kazımov) filmləri layiq görülüb. "Sənədli film" nominasiyasında birinci yeri "Alovla savaşanlar" (Taleh Urfansoy, Şəki), ikinci yeri "Şərqiyyə" (Sabir Nurullayev, Zaqatala),  üçünccü yeri "Daşların sirri" (Emin Həsənov, Şuşa) filmləri tutub. "Bədii film" nominasiyasında isə birinci yeri "44 ölçü" (Dilavər Manafov), ikinci yeri "Bayram hədiyyəsi" (Şirin Əhmədov), üçüncü yeri "Bağlıdır-açıqdır" (Aydan Qafarova) filmləri tutub.

Həmçinin festivalın yaşca ən kiçik (Səma Abdullayeva, 14 yaş, Şəki) və ən böyük (Oleq Namazov, 64 yaş, Gəncə) iştirakçıları diplomla təltif olunublar.

Birinci yerin qalibinə mükafatı mədəniyyət nazirinin müavini xanım Səadət Yusifova təqdim edərək mükafat qazanan iştirakçıları təbrik edib onlara uğurlar arzulamışdır. O, həmçinin bildirib ki, qalıb adlar yaxın gələcəkdə Azərbaycan kinosunun yeni dalğasını təşkil edəcək. Mükafatlandırmadan sonra qalıb filmlərə baxış olub və həmçinin qısa bədii hissədə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Xalq Artisti Yusif Qasımovun quruluşunda  milli rəqs - Cəngi rəsini təqdim ediblər.

Xatırladaq ki, festival qaliblərini aşağıdakı məbləğlərdə pul mükafatı qazanmışlar:

"Bədii film" nominasiyası üzrə üzrə 1-ci yer 2000 azn, 2-ci yer 1500 azn, 3-cü yer 1200 azn "Sənədli film" nominasiyası üzrə üzrə 1-ci yer 1500 azn, 2-ci yer 1200 azn, 3-cü yer 1000 azn "Sosial çarx" nominasiyası üzrə üzrə 1-ci yer 1200 azn, 2-ci yer 1000 azn, 3-cü yer 800 azn.