İlham Əliyevin sosial islahatları - 20 il rəqəmlərdə
Son bir neçə il ərzində dünyada baş verən qlobal şoklar və böhranlar aşağı və orta gəlir səviyyəsinə malik ölkələrin iqtisadiyyatına çox güclü təsir göstərib. Yoxsulluq tendensiyasının son tədqiqatları həyəcan təbili çalır. COVID-19 pandemiyası bütün dünyada yoxsulluğun azaldılması yolunda geri çəkilmənin əsas amili olub və dünya tarixində bu göstəricinin monitorinq olunduğu illər ərzində yoxsulluq səviyyəsində ən yüksək artıma səbəb olub.
2023-cü ilin məlumatlarına əsasən, dünyanın 110 ölkəsində 6,1 milyard insanın 1,1 milyardı kəskin çoxölçülü yoxsulluq şəraitində yaşayır. Orta gəlir səviyyəsinə malik ölkələrdə bu mənfi trend 730 milyon nəfəri əhatə edir.
Təsadüfi deyil ki, BMT-in 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) arasında yoxsulluğun bütün formalarda birgə aradan qaldırılması birinci yer tutur.
Qeyd etmək lazımdır ki, həssas qrupların sosial müdafiəsinin təmin olunması yoxsulluğun azaldılması üçün həlledici əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycanın nümunəsində son 20 il ərzində aparılan və nəticədə ölkənin yoxsulluğa qalib gəlməsinə imkan verən sosial siyasətin müvəffəqiyyət düsturunu əyani şəkildə görmək mümkündür.
Belə ki, 2023-cü ildə Azərbaycanda yoxsulluq 2003-cü ildəki 44,7 faizdən 5,2 faizə düşüb (8,6 dəfə azalma). Yoxsulluq şəraitində yaşayan əhalinin payı 2003-cü ildəki 3,7 milyon nəfərdən 2023-cü ildə 528 min nəfərə düşüb.
Prezident İlham Əliyevin siyasətinin mərkəzində dayanan əsas məsələlərdən biri insan faktoru, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasıdır. Həyat səviyyəsinin yüksəldilməsi üzrə mühüm addımlar atılır, istər əhalinin əməkhaqqının və pensiyaların artırılması, istərsə də aztəminatlı ailələrin sosial müdafiə sisteminin təkmilləşdirilməsi sistemi ölkəmizdə həyata keçirilən sosial siyasətin uğurlarıdır.
Son 20 il ərzində sosial sığorta üzrə ödənişlər 18 dəfə artaraq, 376 milyon manatdan 6,3 milyard manata çatıb. Sosial xərclər 19,3 dəfə artaraq, 678 milyon manatdan 13,1 milyard manata çatıb. Azərbaycanda şəhid ailələri üçün pensiya 2007-ci ildə 100 manat idisə, 2023-cü ildə bu göstərici 6 dəfə artaraq, 600 manat olub.
Pensiya ödənişlərinin illik həcmi 2003-cü ildəki 194 milyon manatdan 2023-cü ildə 5,7 milyard manata çatıb (29,4 dəfə artım). Pensiyaların orta aylıq həcmi 18,2 dəfə artaraq, 2003-cü ildəki 24 manatdan 2023-cü ildə 436 manata çatıb. Son 20 il ərzində minimal aylıq pensiyaların məbləği 14 dəfə artaraq, 20 manatdan 280 manata çatıb. Ünvanlı yardımın orta aylıq məbləği isə 2007-ci ildə 37 manat olduğu halda, 2023-cü ildə 485 manata çatıb (13 dəfə artım).
Əlbəttə ki, insanların rifahının daha da yaxşılaşdırılması təkcə əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə bitmir. Bu istiqamətdə mühüm məsələlərdən biri əhalinin məşğulluğunun təmin olunmasıdır. Sevindirici haldır ki, son illər ərzində iqtisadiyyatın inkişafındakı misilsiz nailiyyətlər bu məqsədin uğurlu icrasına şərait yaradıb.
Azərbaycanda işsizliklə ələqədar məsələlər müvəffəqiyyətlə həll olunur və bu istiqamətdə mühüm addımlar atılır. 2004-cü ildən Azərbaycan Respublikasının bölgələrinin sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq qəbul edilən dövlət proqramlarında nəzərdə tutulan müddəaların uğurlu icrası nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin olunur. Bölgələrdə kommunal xidmətlərin və sosial infrastrukturun həcmi artıb, prioritet sahələrdə irimiqyaslı layihələr həyata keçirilib, investisiyaların yatırılması yeni müəssisə və iş yerlərinin açılmasına səbəb olub.
Son 20 il ərzində işsizlik səviyyəsi 3,7 faiz bəndi azalaraq, 9,2 faizdən 5,5 faizə (400 min 900 nəfərdən 286 min 400 nəfərədək) düşüb.
Yeni iş yerlərinin 90 faizdən çoxu özəl sektorun payına düşür və bunların böyük bir hissəsi qeyri-neft sektorunda yaradılıb. Bunların arasında tikinti, inşaat, emal sənayesi, əhaliyə xidmətlərin göstərilməsi və digər sahələr üstünlük təşkil edir.
Orta aylıq nominal əməkhaqqı 2003-cü ilin yanvar-noyabr ayları ərzindəki 76,8 manatla müqayisədə, 12 dəfə artaraq, 923,1 manata, minimal əməkhaqqı isə 2003-cü ildəki 9 manatla müqayisədə 38 dəfə artaraq, 345 manata çatıb. Əmək müqavilələrinin sayı 2017-ci ildəki 1,3 milyonla müqayisədə 38,5 faiz artaraq, 2023-cü ildə 1,8 milyona çatıb.
Yoxsulluğun azaldılmasında bölgələrin sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramları böyük rol oynayıb. Bölgələrin balanslaşdırılmış inkişafı təmin edilir, təkcə şəhərlərdə deyil, ölkənin bölgələrində də çox sayda sənaye, emal və xidmət müəssisələri açılır. Minlərlə insanın işədüzəltmə məsələləri deqradasiyaya məruz qalmış kənd təsərrüfatı torpaqlarının canlandırılması hesabına həll olunub. 2004-cü ildən bölgələrdə çox sayda yeni müəssisələr açılıb.
Son illərdə özünüməşğulluq proqramlarının icrası və dövlət iş yerlərinin açılması kimi tədbirlərin həyata keçirilməsi, həmçinin, yoxsulluğun azaldılmasına şərait yaradır.
Əhalinin məşğulluq səviyyəsi 2003-cü ildə 4 milyon nəfərlə müqayisədə 25 faiz artaraq, 2023-cü ildə 5 milyon nəfərə çatıb. İqtisadi cəhətdən fəal əhalinin sayı 20 faiz artaraq, 4,4 milyon nəfərdən 5,3 milyon nəfərə çatıb. Məşğulluq proqramlarına ayrılan illik məbləğ 2018-ci ildəki 7 milyon manatla müqayisədə 75 dəfə artaraq, 2024-cü ildə 525 milyon nəfərə çatıb.
Azərbaycan Respublikasında mövcud olan demoqrafik tendensiyalara və inkişaf perspektivlərinə, ölkənin nəzərə çarpan iqtisadi prioritetlərinə əəsaslanaraq, səmərəli məşğulluğun təmin olunmasına yönəlmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşması məqsədilə Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" təsdiqlənib.
2023-cü il oktyabrın 2-də Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib ki, milli sərvətlərin bərabər paylanması bu gün beynəlxalq ekspertlər və ən vacibi isə, Azərbaycan xalqı tərəfindən qeyd olunur.
"Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub. Milli sərvətlərin bərabər paylanması bu gün beynəlxalq ekspertlər və ən vacibi isə, Azərbaycan xalqı tərəfindən qeyd edilir. Bir sözlə, bütün bunlar, əslində, göstərir ki, ölkə çox dayanıqlı vəziyyətdədir. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki aydındır ki, əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz", - dövlət başçısı deyib.
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında sosial sahədə əldə olunan uğurlar kompleks islahatların, həssas əhali qruplarına sosial dəstək üzrə çoxsəviyyəli sistemin reallaşdırılmasının nəticəsidir. Əlbəttə ki, güclü və dayanıqlı iqtisadiyyat olmadan həyat səviyyəsinin yüksəlməsini və əhalinin rifahını təmin etmək mümkün deyil. Aparılan uzaqgörən və çoxtərəfli iqtisadi siyasət sayəsində bu gün Azərbaycan regional əhəmiyyət kəsb edən layihələrin reallaşdırılmasının mərkəzində dayanır və bununla ölkəyə vəsait axınını təmin edir. Məhz dövlət vəsaitinin ədalətli, düzgün bölgüsü Azərbaycanın diqqət mərkəzində insan amilinin yerləşdiyi sosial siyasətin reallaşdırılmasında ən yüksək nəticələr əldə etməsinə imkan yaradıb. TREND