Naxçıvan və Zirədən gənc gimnastlar Bakıda təlim-məşq toplanışında iştirak edirlər - FOTO

Naxçıvan Muxtar Respublikası Stadionunun bədii gimnastika bölməsinin və Zirə Mədəniyyət Mərkəzinin yetirmələri olan gənc idmançılar Milli Gimnastika Arenasında təlim-məşq toplanışında iştirak edirlər.

Naxçıvan və Zirədən gənc gimnastlar Bakıda təlim-məşq toplanışında iştirak edirlər - FOTO
Naxçıvan Muxtar Respublikası Stadionunun bədii gimnastika bölməsinin və Zirə Mədəniyyət Mərkəzinin yetirmələri olan gənc idmançılar Milli Gimnastika Arenasında təlim-məşq toplanışında iştirak edirlər.

meqale.com Trend-ə istinadən bildirir ki, dünəndən başlayan təlim-məşq toplanışı bir həftə ərzində keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Stadionunun bədii gimnastika və "Hamı üçün gimnastika" fənni üzrə məşqçisi Humay Qafarova Milli Gimnastika Arenasında idmançıların yüksək peşəkarlığa malik məşqçilərin rəhbərliyi altında məşq keçdiklərini və bunun, şübhəsiz, onları idman nailiyyətlərinə ruhlandırdığını və idmançıların hazırlığında müsbət əks olunduğunu qeyd edib.

"Naxçıvandan Bakıya təlim-məşq toplanışında iştirak etmək üçün dörd gimnast gəlib. İdmançılar məşqlərdə ümumi və xüsusi fiziki hazırlığı artırır və gimnastika predmetləri ilə işləyirlər. Biz Bakıda təlim-məşq toplanışına ikinci dəfədir ki, gəlirik. İlk səfərdən sonra xoş xatirələrimiz qaldı, məşqlər gimnastlarımızın hazırlığına son dərəcə müsbət təsir göstərdi. Toplanışlar həm idmançılar, həm də məşqçilər üçün böyük praktika və yeni təcrübə qazanmaq imkanıdır. Düşünürəm ki, Bakıya ikinci səfərimiz də birinci kimi yaxşı nəticələr verəcək", - deyə məşqçi bildirib.

Zirə Mədəniyyət Mərkəzinin bədii gimnastika və "Hamı üçün gimnastika" fənni üzrə məşqçisi Nəzirəxanım Fərədova mərkəzin bədii gimnastika bölməsinin 2015-ci ildən fəaliyyət göstərdiyini qeyd edib.

"Bu müddət ərzində iki yetirməmiz Azərbaycan yığmasına daxil olub. Bizim üçün bu böyük uğurdur. Hazırki toplanışda Zirə Mədəniyyət Mərkəzindən yeddi gimnast iştirak edir. Qızlar üçün Milli Gimnastika Arenasında məşq etmək böyük motivasiyadır, onlar burada lazımi təcrübə əldə edirlər. Ötən il Bakıda keçirdiyimiz toplanışlar yetirmələrimizin hazırlığına müsbət təsir göstərib. Azərbaycan Gimnastika Federasiyasına bu imkana və bizim üçün yaradılan şəraitə görə minnətdarıq", - məşqçi deyib.

Qeyd edək ki, bölgələrdə gimnastikanın inkişafı çərçivəsində ölkənin müxtəlif guşələrindən olan idmançılar Bakıda keçirilən təlim-məşq toplanışında iştirak edirlər.