Nüsrət Süleymanov: "Biz əbəs yerə onları ölüm toxumları adlandırmırıq"

Minatəmizləmə sahəsində böyük təcrübə qazanan və onu artırmaqda davam edən Azərbaycan bu təcrübəni eyni problemdən əziyyət çəkən digər ölkələrlə bölüşməyə hazırdır. Həmin bilik və təcrübəni əldə etmək bizə baha başa gəlib.

Nüsrət Süleymanov:
Minatəmizləmə sahəsində böyük təcrübə qazanan və onu artırmaqda davam edən Azərbaycan bu təcrübəni eyni problemdən əziyyət çəkən digər ölkələrlə bölüşməyə hazırdır. Həmin bilik və təcrübəni əldə etmək bizə baha başa gəlib.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransının yekununda çıxışı zamanı deyib.

Mina və partlamamış hərbi sursatların (PHS) ölümcül fəsadlarına toxunan Prezident Administrasiyasının nümayəndəsi bildirib: "Minalar və partlamamış hərbi sursatlar milliyyətindən asılı olmayaraq insanların həyatlarına son qoyur. Biz əbəs yerə onları ölüm toxumları adlandırmırıq. Onlar həm insanları, həm də planetimizi öldürür. Bu su, hava və torpaq üçün, eləcə də həyatlarımız üçün ciddi təhdiddir. Dünyada konfliktlərin artdığı bir vaxtda biz müharibələrin fəsadlarına qarşı birlikdə mübarizə aparmalıyıq. Həmin fəsadlardan ən dəhşətlisi minalar və partlamamış hərbi sursatlardır. Bu konfransda təmsil olunan ölkələrin xalqları bu dəhşətli reallığı yaxşı bilir".

Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29-da da bu məsələnin diqqət mərkəzində saxlanılacağını vurğulayan Nüsrət Süleymanov qeyd edib: "Məlumdur ki, bu il Azərbaycanda COP29 konfransı keçiriləcək. COP29-a ev sahibliyi edən ölkə kimi biz bu konfransda iqlim dəyişikliyi məsələsi ilə yanaşı, mina problemini də qaldırmağı özümüzə borc bilirik. İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik. Nyu-Yorkda keçiriləcək Gələcəyin Sammitini, Misirdə baş tutacaq Ümumdünya Şəhərsalma Forumunu (WUF12) və Bakının ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözlədiyimiz bir vaxtda bu iki çağırış arasındakı qarşılıqlı əlaqəyə diqqət çəkərək onlara qarşı mübarizə aparmaqda qətiyyətliyik".