Şabranda bir həftəlik "İrsin izi ilə" rəssamlar simpoziumu keçirilib - FOTO
Şabranda Leyla Khazary Art Gallery və Shabran Wellbeing Resort təşkilatçılığı ilə bir həftəlik "İrsin izi ilə" rəssamlar simpoziumu keçirilib.
"Layihənin əsas məqsədi Azərbaycan xalqının qədim incəsənətinin zəngin irsini, adət-ənənələrini və nümunələrini müasir rəssamların gözü ilə təqdim etmək, qədim sənət formalarını yaradılmış yeni rəsmlərə təcəssüm etdirmək, bu əsərlər vasitəsilə əsrlər arasında körpü yaratmaq, qədim incəsənətlə müasir rəssamlığın vəhdətini yaratmaqdır. Regionların turizm potensialına diqqətin artırılması çox vacibdir. Turizm təkcə qədim memarlıq abidələri deyil, həm də müasir incəsənət, milli mətbəx, canlı ünsiyyət, yüksək sənət əsərləri, yeni tanışlıqlar, yaradıcı əlaqələrdir", - Leyla Khazary ArtGallery rəhbəri Leyla Xəzəri bildirib.
Leyla Khazary ArtGallery özünün növbəti simpoziumu olan "İrsin izi ilə" (birincisi 2022-ci ildə keçirilib) Azərbaycanın Böyük Qafqaz dağlarının ətəyində yerləşən füsunkar guşəsi olan Şabranın qış gözəlliyinə diqqəti cəlb etməyi qarşısına məqsəd qoyur. Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün master-klass da keçirilib.
"Shabran Wellbeing Resort" geniş və yaşıl ərazisi, bənzərsiz memarlığı və interyeri, təbiətin nadir gözəlliyə və sakitliyə məxsus bir guşəsində yerləşməsi, burada bədii yaradıcılıqla məşğul olan sənətkarlara, musiqiçilərə, yazıçılara, incəsənət xadimlərinə verilən xüsusi diqqət, göstərilən dəstək və qayğı simpoziumun keçirilməsi üçün onu ideal məkana çevirir.
Rəssamlar Eldar Babazadə, Mir Azər Abdullayev, Erkin Ələkbərli, Əli Məhərrəm, Emin Əsgərov, Röya Həsən, Anar Hüseynzadə, Elşən Karaca, Elnur Mahmudov, Cavid Məmmədov, Təranə Seyid və Rauf Şamilzadə yeni əsərlərini simpozium zamanı onlayn formatda yaradıblar.
Yaxın vaxtlarda simpoziumun nəticələri Bakıda təqdim olunacaq.