Seçkilərin keçirilməsi ilə bağlı xeyli təşkilati işlər aparılıb - MDB PA
Qrupumuz altı dövləti təmsil edən 36 nəfərdən - senatorlardan, deputatlardan, rəsmi şəxslərdən, MDB PA katibliyinin ekspertlərindən ibarətdir.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu MDB PA monitorinq qrupunun koordinatoru, Qazaxıstan Respublikası Parlament Senatının sədr müavini Jakit Asanov Səbail rayonunun 2 saylı seçki məntəqəsində (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası) Azərbaycanda növbədənkənar prezident seçkilərinin başlanması ilə bağlı mətbuata açıqlamasında deyib.
"Bu, Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıq və səsvermə prosesinin monitorinqini aparan nümayəndə missiyalarından biridir. Biz işimizə 18 dekabr 2023-cü il tarixində başlamışıq. MDB PA Azərbaycan qanunvericiliyinin beynəlxalq standartlara, xüsusilə BMT-nin İnsan Hüquqları Bəyannaməsinə, mülki və siyasi insan hüquqlarına dair beynəlxalq paktlara və bir çox konvensiya və beynəlxalq müqavilələrə nə dərəcədə uyğun olduğunu müəyyən etmək üçün təhlil edib.
MDB-nin Beynəlxalq Hökumətlərarası Əlaqələr İnstitutunun rəyinə görə, Azərbaycan qanunvericiliyi beynəlxalq standartlara tam uyğundur. Eyni zamanda, biz bu seçkilərlə bağlı müşahidə apardıq və işlərin necə getdiyini gördük. Prezidentliyə namizədlərin seçki qərargahı və dövlət qurumları ilə görüşlər keçirilib, məsələlər müzakirə olunub, tövsiyələr verilib.
MDB PA qrupunun hər bir müşahidəçisi öz mülahizəsinə uyğun olaraq seçki məntəqələrində olacaq. Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı xeyli təşkilati işlər aparılıb. Bayram ab-havasını müşahidə edirik, hər kəsi təbrik etmək istərdik, digər seçki məntəqələrinə də baxmağa davam edəcəyik", - Jakit Asanov qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.