“Sülhə, sabitliyə, Qarabağın, əziz Şuşanın öz Vətənində əbədi qalmasına səs verəcəyəm”
"Çox düzgündür ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri "Qələbə seçkiləri" adlandırılıb. Mən bunu düzgün və ədalətli hesab edirəm. Çünki 30 il sonra 44 günlük Vətən müharibəsi zamanı Qarabağ torpaqları və Şərqi Zəngəzur, ən əsası isə şəxsən mənim üçün müqəddəs sayılan və əcdadlarımın torpağı olan Şuşa şəhəri düşmən tapdağından azad edildi. Sevinirəm ki, otuz ildən sonra Azərbaycan xalqının, dövlətinin və ordusunun vəhdəti, yenilməzliyi və düşmən üzərində qazandığı Böyük Qələbə sayəsində mən bir daha uşaqlıq və gənclik illərimin keçdiyi şəhərə baş çəkə bildim, o əzəli torpaqlara qovuşa bildim".
meqale.com xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Respublikasının Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova deyib.
Xalq artistinin sözlərinə görə, Qələbə Azərbaycanın müasir tarixində misilsiz nailiyyət olub.
"Təsəvvür edin ki, İkinci Dünya müharibəsindən sonra demək olar ki, heç bir ölkə öz ərazi bütövlüyünü bərpa edə bilmədi, lakin Azərbaycan buna nail oldu. Azərbaycan özünün cəsarətli addımı ilə dünyanın hələ də separatizm və terrorizmdən əziyyət çəkən bir çox ölkələri üçün tarixi nümunə yarada bildi. Ona görə də Azərbaycanın bu nailiyyəti təkcə de-fakto deyil, həm də de-yure möhkəmlənməli idi. Növbədənkənar prezident seçkiləri isə son illərin bütün hərbi-siyasi nailiyyətlərinə lazımi legitimliyi verməyə qadir son dərəcə mühüm prosesdir", - deyən Xalq artisti əmindir ki, fevralın 7-də Azərbaycan xalqı bir daha birlik və həmrəylik nümayiş etdirərək seçki məntəqələrinə gəlib layiqli namizədə, Vətənin davamlı inkişafı və işıqlı gələcəyinə səs verəcək.