USAİD indi də Gürcüstanı hədəfə alıb - TƏFƏRRÜATLAR

Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirmək üçün bütün vasitələrdən istifadə edən təşkilatlar və dövlətlər arasında xüsusi fəallıq göstərənlər var. Onların sırasında ilk baxışdan humanitar yardımlar və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmalı qurum - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyidir (USAİD) əlahiddə qaydada seçilir.

USAİD indi də Gürcüstanı hədəfə alıb - TƏFƏRRÜATLAR
Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirmək üçün bütün vasitələrdən istifadə edən təşkilatlar və dövlətlər arasında xüsusi fəallıq göstərənlər var. Onların sırasında ilk baxışdan humanitar yardımlar və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmalı qurum - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyidir (USAİD) əlahiddə qaydada seçilir.

Azərbaycanda ən müxtəlif sahədə şübhəli fəaliyyətlərə təkan verməyə, "hakimiyyət dəyişikliyinin zərurəti" adı altında radikal siyasi qrupları maliyyələşdirən, cəmiyyətdə vətəndaş narazılığ yaratmaq məqsədilə müxtəlif qeyri-hökumət təşkilatlarına (QHT) qrant qismində külli miqdarda maliyyə vəsaiti ayıraraq "rəngli inqilab" ssenarisini reallaşdırmağa can atan USAİD qonşu Gürcüstanda da faktiki olaraq, eyni fəaliyyətlə məşğuldur.

Bu dəfə USAİD dindən, etiqaddan və inanclardan yararlanaraq Tiflisdəki hakimiyyətin cəmiyyətdəki dayaqlarına zərbə vurmağa çalışmaqla məşğuldur.

Zahirən adi ikona...

Hər şey ilk baxışdan adi nəsnədən başlandı. Gürcüstanın paytaxtı Tbilisidəki Müqəddəs Üçlük (Sameba) kafedral kilsəsində Müqəddəs Moskva Matronası ikonasına boya töküldü.

ABŞ-ın Tbilisidəki səfirliyi ilə həddən ziyadə sıx əlaqələri ilə tanınan sabiq deputat, müxalifətçi Georgi Kandelaki hadisələrin "trigger"i olmuşdu. O, Sameba kilsəsində Müqəddəs Moskva Matronası ikonasının videosunu çəkərək sosial şəbəkələrdəki profilində paylaşmış, "Baxın, burada İosif Stalin də əks olunub! Biabırçılıqdır, diktatoru kilsəmiz tərənnüm edir!" yazmışdı.

Daha sonra özünü "mülki və ictimai fəal" adlandıran Nata Peradze kilsəyə yollanarq ikonanın üzərinə boya tökdü.

Qalmaqal da bundan sonra başlandı.

Kilsədə ikonaya qarşı belə vandal hərəkət təbii ki, Gürcüstandakı dindarları hiddətləndirmişdi. Onlar Gürcüstan Patriarzlığından olaya qiymət verilməsini, kilsəni siyasi şou meydanına çevirənlərin qanun qarşısında cavab verməsini tələb edirdilər.

Sosial şəbəkələrdə rəylər ikiyə bölünmüşdü. Bir tərəf İosif Stalinin əksinin yer aldığı ikonanın kilsədə olmasını yolverilməz və təhqiramiz olay sayır, bu işdə Patriarxlığı və Gürcüstan hakimiyyətini suçlayırdısa, digər tərəf ikonaya qarşı sayğısızlıq edilməsini ağır cinayət hesab edərək cəza istəyirdilər.

Gürcüstan Patriarxlığı da qalmaqalı səngitmək məqsədilə ikonanın yenidən işlənməsini, oradakı İosif Stalin rəsminin götürülməsini məqbul bildi.

Süni yaradılmış gərginliyin heç biri teoloji əsası yox idi, çünki pravoslav ikonalarında yalnız müqəddəs sayılan şəxs yox, həmin şəxsin həyatı ilə bağlı olmuş istənilən insan, o cümlədən hakimi-mütləqlər də çəkilə bilərlər.

Yəni dini baxımdan Stalinin ikonada əks olunması normaldır: çünki o, Moskva Matronası adlanan qadının yaşadığı dönəmdə sabiq SSRİ-nin rəhbəri idi.

Yanvarın 9-da Tbilisidəki kilsədə yaşanmış olay daha sonra böyüdü. İkonaya boya tökən "fəal" Nata Peradze törətdiyi əməlin videosunu sosial şəbəkələrdəki profillərində paylaşandan sonra onun evinin qarşısına qəzəbli dindarlar yığışdı.

Dindarlar N.Peradzeni xuliqanlıqda və vandalizmdə suçlamışdılar.

Gürcüstandakı "Vətənpərvərlər Alyansı" Partiyasının kilsəyə hədiyyə etdiyi kionaya qarşı vandallıq faktı ilə bağlı Gürcüstan DİN-i cinayət işi qaldırıb, istintaq gedir.

Parlament spikerindən xəbərdarlıq

"Son vaxtlar bir sıra müxalifət partiyaları, media və "vətəndaş fəalları" adlandırılan şəxslər tərəfindən Gürcüstan Pravoslav Kilsəsinə hücumlar olunur. Bu fəaliyyətdə "Vahid Milli Hərəkat" (VMH) Partiyası xüsusilə fərqlənir".

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Tbilisidə keçirdiyi xüsusi brifinqdə belə deyib.

Onun sözlərinə görə, əvvəlcədən planlaşdırılan və hazırlanan bu hücumlar cəmiyyətdəki anlaşma mühitinə sarsıdıcı zərbə vurmağa yönəlib.

Ş.Papuaşvili daha sonra söyləyib ki, kilsəyə hücumlarda və dindarların hisslərinin aşağılanmasında bir sıra QHT-lər, o cümlədən Georgi Kandelakinin rəhbərlik etdiyi "Sovet keçmişinin tədqiqatı Laboratoriyası" ("SovLab") xüsusi fəallıq nümayiş etdirirlər.

Absurd o həddə çatıb ki, kilsəyə qarşı yönəlmiş aqressiv kampaniyanın aktiv iştirakçıları arasında "Gürcüstan Tolerantlıq Mərkəzi"nin (GTM) rəhbəri Beka Mindiaşvili yer alıb.

GTM isə USAİD-in "Rəngarəngliikdəki vəhdət" adlı "xüsusi proqramı" çərçivəsində maliyyələşdirilir.

Gürcüstan parlamentinin spikeri daha sonra USAİD-ə sərt xəbərdarlıq edib: "Ümid edirəm ki, USAİD rəhbərliyi bu məsələləri tezliklə araşdıracaq, Gürcüstan xalqının maraqları çərçivəsində fəaliyyət göstərməyə başlayacaq. Gürcüstandakı QHT sektorunda xaricdən maliyyələşərək partiya təbliğatı ilə məşğul olan siyasətçilər tam üstünlük təşkil edirlər".

USAİD-in məqsədi nədir?

Gürcüstandakı bir sıra qeyri-hökumət təşkilatlarını (QHT) maliyyələşdirən USAİD əslində Tbilisidəki kilsədəki olayın real müəllifidir. Rəsmi Tbilisi artıq aşkar şəkildə bəyan edir ki, ABŞ-ın "inkişaf və xeyriyyə" agentliyinin ölkədəki əsas məqsədi vətəndaş cəmiyyətinin inkişafına yox, hakimiyyətə qarşı çıxan partiyalarla qrupların dəstəklənməsidir.

USAİD faktiki olaraq, Gürcüstanda mövcud hakimiyyəti zorla dəyişmək üçün bütün vasitələrdən, o cümlədən gürcü pravoslav kilsəsinə hücumlara təkan verərək cəmiyyətdə dini zəmində qarşıdurma yaratmaqdan da istifadə edir.

Sözügedən agentliyin Cənubi Qafqazdakı regional direktoru Con Pennelin mövqeyi də maraqlıdır. O, bütün ittihamları "əsassız" adlandıraraq USAİD-in "Gürcüstanın inkişafı və tərəqqisi üçün çalışdığını" vurğulayıb.

Əslində, C.Penneldən fərqli ritorika, yaxud etiraf gözləmək mənasızdır.

Əvvəllər USAİD-in Belarusda və Ukraynada bölmələrinə rəhbərlik etmiş bu şəxs həmin ölkələrdə bir sıra yerli QHT-lərdən hakimiyyətə qarşı şəbəkə formalaşdırmışdı. Belarusda QHT-ləri maliyyələşdirərək onları Minskdəki hakimiyyətə qarşı fəaliyyətə sövq etməkdə, ölkənin daxili işlərinə kobud müdaxilədə suçlanan C.Pennel Belarusdan qovulmuşdu.

Daha sonra eyni hadisələr Ukraynada yaşandı, Pennel Kiyevdən də qovuldu.

Qeyri-hökumət təşkilatlarından hakimiyyətə qarşı şəbəkə qurmaq üçün istifadə etmək, zorakı hakimiyyət dəyişiklikliyinə nail olmaq, ictimai-siyasi vəziyyəti stabillikdən çıxarmaq və s. - bütün bunlar C.Pennelin bilavasitə "iş" dairəsində olan məsələlərdir.

USAİD-in postsovet məkanındakı bir sıra ölkələrdəki fəaliyyəti də əsasən bundan ibarətdir.

Çevriliş, "inqilab", üsyan və qiyam ssenariləri...

USAİD-in "rəngli inqilab" ssenariləri Azərbaycanda baş tutmayanda agentlik əsas hədəf qismində bölgədə Gürcüstanı seçib. Tbilisidəki Sameba kilsəsindəki hadisənin, ikonaya qarşı vandalizmin və sonradan bu olayın Gürcüstan Pravoslav Kilsəsinə qarşı hücumlarda istifadə edilməsi - bütün bunlar təsadüf deyildi, proses əvvəlcədən hazırlanmış ssenari üzrə həyata keçirilmişdi.

Ssenari müəllifi USAİD olduğundan, ehtiyatlı, konspirativ və incə fəaliyyət metodologiyası seçilmişdi. Əldə etdiyimiz məlumatlara görə, proses ötən ilin sentyabrın 25-də başlayıb.

USAİD-in Gürcüstandakı Şərq-Qərb İdarəetməsi İnstitutu proqramının dəvəti ilə Serbiyanın paytaxtı Belqraddan Tbilisiyə həmin jün Sinişa Sekman, Yelena Stoyşiç və Slobodan Cinoviç gəldilər.

Onlar 2003-cü ildə Gürcüstanda kütləvi etiraz aksiyalarının hazırlanmasında aktiv iştirak etmişdilər. Bundan başqa, həmin şəxslər Serbiya və Ukraynada da "zəngin təcrübə" toplamışdılar.

Belqraddakı "Kanvas" təşkilatının rəhbərliyində yer almış bu şəxslər əvvəllər Gürcüstandakı "Kmara" hərəkatının ideoloqları arasında idilər.

S.Sekman, Y.Stoyşiç və S.Cinoviç Tbilisidə yerli radikal müxalifət rəhbərləri və USAİD-in maliyyələşdirdiyi QHT-lər arasında daha aktiv fəaliyyət göstərən strukturların rəhbərləri ilə görüşüblər. "İbisi" otelində keçirilmiş görüşdə Gürcüstanda reallaşdırılması nəzərdə tutulmuş kütləvi etiraz aksiyaları, sosial şəbəkələrdəki müzakirələr, habelə cəmiyyətdəki ənənəvi dəyərlərə qarşı hücumlarda istifadə ediləcək şəxslər və QHT-lər müəyyənləşdirilmişdi. Daha sonra seçilmiş şəxslər və QHT mənsubları ilə kommunikasiyalar quruldu, onlar "treninq"lərə cəlb edildilər.

Lakin proses baş tutmadı və USAİD-in ssenarisi uğursuzluğa uğradı: Gürcüstanın təhlükəsizlik strukturları planlara mane oldular.

USAİD isə sakitləşmək, niyyətlərindən əl çəkmək fikrində deyil.

Məqsəd Gürcüstandakı ictimai-siyasi situasiyanı gərginləşdirmək, cəmiyyətdə qeyri-stabillik yaratmaq və şakimiyyəti ələ almaqdır.

Dost və qardaş Gürcüstanın bu sınaqdan da uğurla çıxacağını düşünürük.

Elçin Alıoğlu meqale.com