Azərbaycan bütün dünyada baş verən ədalətsizliklərə qarşı çağırışlar edir - Azər Qarayev
XI Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla eyni əhəmiyyətə malikdir. Bu forum Azərbaycanın beynəlxalq məsələlərin həllinə verdiyi töhfələrin tərkib hissələrindən yalnızca biridir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, forum çərçivəsində aktual məsələlər müzakirə olunur və həll yolları axtarılır.
"Azərbaycan Prezidenti İlham Əliyev forumdakı çıxışı zamanı bir sıra əhəmiyyətli məqamlara toxundu. Xüsusilə regiondakı vəziyyət və Azərbaycana qarşı olan ikili standartlar fonunda bütün dünyada baş verən ədalətsizliklərə qarşı Azərbaycan çağırışlar edir.
Beynəlxalq arenalarda Azərbaycan qarşısında məğlub olan qüvvələr qisaslarını heykəldən, mədəniyyət abidəsindən almağa çalışır.
Azərbaycana qarşı qərəzli mövqeydən çıxış edən Qərb dairələri Ermənistan vasitəsilə regionda möhkəmlənmək və maraqlarının təminatına can atır", - deyə politoloq vurğulayıb.
A.Qarayev bildirib ki, regionda sülhə töhfə vermək iddiasında olan qüvvələr müxtəlif yollarla Ermənistanı silahlandırır, orada olan revanşist qüvvələri alovlandırırlar.
"Digər tərəfdən, Fransada Natəvanın heykəlinə edilən hücum heç bir etik çərçivəyə sığmır. Heykəlin üzərinə qırmızı boya tökülərək, formasını korlamağa çalışıblar. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı.
Fransa hakimiyyəti isə guya heykəli mühafizə məqsədilə ancaq bükərək qoruyacağını dedi. Heç bir tədbir görülməməsindən sonra Azərbaycan dövlətinin tələbi ilə heykəl sözügedən ərazidən götürüldü və Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edildi", - deyə o, əlavə edib.
A.Qarayev bildirib ki, baş verən hadisələr Azərbaycana qarşı qərəzli mövqeyin beynəlxalq müstəvilərdə davam etdiyini göstərir.
"Əlbəttə ki, bunların heç biri Azərbaycana təzyiq vasitəsi ola bilməz. Artıq bütün dünya anlayır ki, Azərbaycanla hədə ritorikası ilə danışmaq mümkün deyil və ölkəmiz tamamilə öz xalqının maraqlarına xidmət edən siyasət yürüdür", - A.Qarayev deyib.
Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası da (AŞPA) Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir:
"AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi, anti-Azərbaycan qətnaməsinin qəbul olunması bunun tərkib hissəsidir. Vətən müharibəsindəki qələbə və ötən il Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra qərəzli siyasət geniş vüsət aldı.
30 illik işğal dövründə Azərbaycana qarşı edilən haqsızlıqları, tapdanan hüquqları görməzdən gələn AŞPA heç bir kömək göstərmədi. AŞPA-dakı deputatlara insan haqları və vətəndaş hüquqları, ərazi bütünlüyü və sərhəd toxunulmazlığı prinsipləri bu qədər dəyərlidirsə, erməni işğalının davam etdiyi 30 il ərzində həmin şəxslər niyə susdular?
Azərbaycanın yüz minlərlə məcburi köçkünün hüquqlarını bərpa etməsi isə təşkilat üzvlərini niyəsə narahat edib. Uzun illər heç bir addım atmayan AŞPA indi heç bir əsas olmadan Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləmir", - deyə A.Qarayev əlavə edib.